Ağalıya köçürülən əhalinin iş məsələsi necə olacaq?  – “QAÇQINKOM” CAVABLANDIRIR  

  • By admin
  • 04 Avqust 2022 10:59

 

Xəbər verdiyimiz kimi, artıq Zəngilan rayonunun Ağalı kəndinə məcburli köçkünlərin qayıdışına start verilib.

Ancaq bu prosesdə cəmiyyəti düşündürən bir məqam var.

Bəs görəsən, həmin kənddə yaşayacaq insanların məşğulluğu necə təmin olunacaq?

 

Məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Gununsesi.info-ya bildirilib ki,  Zəngilan rayonunun Ağalı kənd sakinlərinin sosial-iqtisadi, təhsil, demoqrafik vəziyyəti, cari gəlir gətirən fəaliyyət, özünüməşğulluq və məşğulluq səviyyəsinin müəyyən edilməsi, ehtiyaclarının qiymətləndirilməsi və mərhələli qayıdışla bağlı fikirlərinin öyrənilməsi məqsədilə sorğular keçirir:

“Sorğulara 16-63 yaş aralığında olan şəxslər cəlb olunublar.

Dövlət Komitəsinin Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə Ali Komissarlığı (QAK) ilə birgə pilot metodologiyalarla hazırladığı sorğular, üzbəüz müsahibələr, masa araşdırmaları və fokus-qrup görüşləri Ağalı kənd əhalisinin sıx məskunlaşdığı Bakı, Sumqayıt şəhərlərində, Abşeron və Beyləqan rayonlarında aparılır.

Ümumilikdə “ağıllı kənd” konsepsiyası əsasında salınan Ağalı kəndinə daha 727 nəfər sakinin köçürülməsi nəzərdə tutulur. Həmin sakinlərdən əmək qabiliyyətli 492 nəfərin ehtiyaclarının qiymətləndirilməsinə və müvafiq olaraq, onların məşğulluğunun səmərəli təmin edilməsi üçün müvafiq sorğu-anketlər keçirilir.

Belə ki, yekun mərhələdə sorğuların nəticələri təhlil ediləcək, əmək qabiliyyətli hər bir məcburi köçkünün bilik və bacarıqlarının təkmilləşdirilməsi, uyğun məşğulluq fəaliyyəti ilə təmin olunması üçün aidiyyəti qurumlarla birgə  əmək yarmarkaları, işəgötürənlərlə görüşlər və müvafiq digər optimal tədbirlər həyata keçiriləcəkdir”.

Afaq Əliyeva

Gununsesi.info