“Ağciyərlərin 70-80 faizi sıradan çıxır” – İnfeksionistdən HƏYƏCAN TƏBİLİ

Bayram günlərində insanlar qapalı məkanlara üz tutdular, qonaqlığa, kafelərə və restoranlara getdilər. Xeyir işlər baş tutdu, hətta gizlin toy məclisləri təşkil olundu. İnsanların bayramla əlaqədar olaraq bir-biri ilə təmasları artdığına görə təbii olaraq yoluxma sayları da artmağa başladı. Mütəxəssislər fevral ayında da proqnozlaşdırmışdı ki, yoluxmalar artacaq. Mart ayının əvvəllərində yoluxma sayı 3 rəqəmli idi, təəssüf ki, son həftələrdə bu rəqəmlər 2000-ə qədər gəlib çatıb.

Gununsesi.info xəbər verir ki, bu barədə infeksionist Vüqar Cavadzadə paylaşım edib.O qeyd edib ki, insanların çoxu qaydalara əməl etmir:

HTML tutorial

“Ölkədə növbəti epidemik alovlanmanın başlaması ilə birlikdə ictimai nəqliyyatın da açılması düşünürəm ki, yoluxma sayında artıma səbəb olacaq. Qapanmalar insanların psixologiyasına mənfi təsir göstərir, həkimlər də istəmir ki, bu, baş versin. Qapanmalara o zaman gedilir ki, xəstə sayı artır və xəstəxanalara əlavə həkim personalı cəlb olunur. Bu, bizim üçün də çətin prosesdir. Digər tərəfdən, yoluxmaların çoxu ictimai nəqliyyatda baş verir, məsləhət görülür ki, ehtiyac olmadığı halda insanlar evdən çıxmasınlar. Son günlərdə insanlarda arxayınlıq yaranıb. Maskanı çənədə saxlayırlar, unutmayın ki, infeksiya yuxarı tənəffüs yolları ilə yoluxur, odur ki, maskanı burnunuzu da qapayacaq şəkildə taxın”.

İnfeksionist qapanma olarsa, vaksin olunan şəxslərə SMS icazənin tətbiq olunmayacağı ilə bağlı yayılan xəbərlərə də aydınlıq gətirib:

“İsraildə belə bir təcrübə var, bildiyim qədər vaksin olunmayan insanlar müəyyən yerlərə buraxılmır. Mən də o fikirdəyəm ki, SMS xidməti vaksin olunan şəxslərə aid olmamalıdır. Ölkəmizdə vaksinasiya könüllü olduğu üçün insanlar bu prosesdə aktiv iştirak etmirlər. “Sinovac”dan 4 milyon doza vaksin alınıb, onun sadəcə dördə bir hissəsi istifadə olunub. Vaksinin ilk dozası kifayət qədər süni aktiv immunitet yaradır, lakin onun ikinci dəfə vurulması da lazımdır. Bunun səbəbi nədir? Birinci dozadan sonra koronavirsa qarşı immunitet yaranır, lakin lazım olan dözümlülük səviyyəsinə çatmır. 28 gündən sonra ikinci dəfə yenidən vaksinasiya aparılır ki, yaranan immunitet daha dayanıqlı və uzunmüddətli olsun. Vaksinasiyanın aparılması xəstəlikdən 100% müdafiə etmir. Amma vaksin olunan şəxslər virusa yoluxsa da, onu ağır keçirmir, ölüm halları kəskin şəkildə azalır”.

Vüqar Cavadzadənin sözlərinə görə, evdə yatan xəstələr düzgün müalicə olunarsa, xəstəxanaya düşməzlər:

“Bir həftə, on gün evdə yanlış müalicələr aparılır, xəstələr ağırlaşır, ondan sonra yadlarına düşür ki, mütəxəssisə müraciət etmək lazımdır. Həkimə gələndə məlum olur ki, onun artıq oksigenə ehtiyacı var və ağciyərlərinin 70-80 faizi sıradan çıxıb. Xəstə xəstəxanada dünyasını dəyişəndə insanlar bunda xəstəxananı günahlandırır”.

Həkim onu da qeyd edib ki, elmi ədəbiyyatlarda epidemiyalar və pandemiyalar zamanı dalğa sözü işlədilmir:

“İnfeksiyalar zamanı epidemik proseslər nəticəsində epidemik alovlaşma baş verir ki, bu da yüksək yoluxma səviyyəsinə səbəb olur. Bir infeksiya epidemiyaya səbəb olursa, epidemiya dövründə bir, yaxud bir neçə dəfə bioloji və sosial amillərin təsiri nəticəsində yenidən epidemik alovlaşma baş verə bilər. Nəticədə növbəti dəfə epidemik alovlaşma baş verir. Dalğa yox, epidemik alovlaşma”.

Gununsesi.info