Ağdaban faciəsinin ildöünümdür

  • By admin
  • 08 Aprel 2022 10:29

1992-ci il aprel ayının 8- də səhərə yaxın erməni quldurları Ağdaban yaxınlığındakı gözətçi məntəqəsinə qalxıb, burada keşik çəkən 3 nəfəri qətlə yetirdilər.

Ermənilərin Ağdərə rayonunun Capar kəndi istiqamətindən Kəlbəcər rayonunun Çayqovuşan və Ağdaban kəndlərinə silahlı hücumu nəticəsində Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndi tamamilə yandırılmış, 779 nəfər dinc sakininə amansız işgəncələr verilmişdir.

Ağdaban kəndində ermənilərin həyata keçirdikləri soyqırım nəticəsində 39 nəfər xüsusi qəddarlıqla qətlə yetirilmişdir.

Onların arasında 8 nəfər 90-100 yaşlı qoca, 2 azyaşlı uşaq, 7 qadın diri-diri odda yandırılmış, 2 nəfər itgin düşmüş, 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir. Ermənilər tərəfindən tarixi, memarlıq və mədəniyyət abidələri dağıdılmış, talanmış və məhv edilmişdir.

Qeyd edək ki, Ağdaban kəndi Azərbaycanın görkəmli saz ustadı Dədə Şəmşirin doğulub-yaşadığı kənd olub.

Qətliam zamanı ustad sənətkarın çoxsaylı qohumları erməni terrorunun qurbanı olub.

 

Gununsesi.info