Regional İnsan Hüquqları və Media Mərkəzi Ağdam rayonunda tələbələr üçün məlumatlandırma sessiyası keçirib.
Gününsəsi.info xəbər verir ki, Ağdam Dövlət Sosial-İqtisad Kollecində keçirilən tədbirdə kollecin 86 nəfər tələbə və müəllim heyəti iştirak edib.
Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi verdiyi “Regionda təhsil alan tələbələr və region jurnalistləri arasında “Hasilat Sənayesində Şəffaflıq” prosesi ilə bağlı məlumatlandırma sessiyalarının keçirilməsi” layihəsi çərçivəsində təşkil olunub.
Ağdam Dövlət Sosial-İqtisad Kollecinin direktor müavini Mütəllim Cavadov bildirib ki, Hasilat Sənayesində Şəffaflıq təşəbbüsü ilə bağlı ilk dəfədir kollecdə tədbir təşkil olunur. Direktor müavini verilən informasiyaların tələbələr üçün maraqlı olacağına ümid etdiyini vurğulayaq cəmiyyətin neft gəlirləri və əldə olunan vəsaitin necə xərclənməsi ilə bağlı məlumatlı olmasının əhəmiyyətini vurğuladı.
Təşkil olunan tədbirin məqsədinə toxunan Regional İnsan Hüquqları və Media Mərkəzinin sədri Xalid Kazımov Hasilat Sənayesində Şəffaflıq təşəbbüsünün mahiyyətinin, 2016-cı il üzrə Hasilat Sənayesində Şəffaflıq (HSŞ) üzrə illik hesabat məlumatlarının sadə dillə və anlaşıqlı şəkildə tələbələrə çatdırılmasının hədəfləndiyini qeyd edib.
Təşkilat rəhbəri hasilat sənayesində şəffaflığın təmin olunması üçün əhalinin maarifləndirilməsinin və ictimai nəzarətin gücləndirilməsinin əhəmiyyətli olduğunu bildirib.
Tədbirdə məruzə ilə çıxış edən İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədri, iqtisadçı Azər Mehtiyev vurğulayıb ki, uzun illər neft, qaz və mineral ehtiyatlarla zəngin olan əksər ölkələrdə yoxsulluq, mübahisə və korrupsiya halları müşahidə olunub: “Amerika, Asiya və Afrikanın təbii resurslarla zəngin ölkələrin əksəriyyətində bu resursların istismarının ilk illərində (əsrin 60-70-ci illərində) nəzərə çarpan müsbət tendensiyalar qısa bir müddətdən sonra (əsrin 80-ci illərində) tamamilə əks xarakterli meyllərlə əvəzləndi. Bu ölkələrdə iqtisadi artım templəri kəskin şəkildə aşağı düşdü, əhalinin həyat səviyyəsi daha da ağırlaşdı və yoxsulluq səviyyəsi yüksəldi, dövlət borcları artdı, bir sıra ölkələrdə hətta siyasi sabitlik pozuldu, cəmiyyətdə ümumi tənəzzül prosesləri gücləndi. Bu kimi problemlərin önlənməsi üçün zaman-zaman müxtəlif təkliflər səsləndirilirdi. Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü isə 2002-ci ilin sentyabr ayında keçirilən Davamlı İnkişaf üzrə Dünya Sammitində Böyük Britaniyanın Baş Naziri Toni Bleyr tərəfindən irəli sürüldü. Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) neft, qaz və mədən sənayesində şəffaflıq üzrə qəbul olunan qlobal standartdır. Azərbaycan Mədən Hasilatında Şəffaflıq Təşəbbüsünə qoşulan ilk ölkə olmaqla yanaşı, həm də 2005-ci ildə MHŞT sahəsində ilk hesabatını açıqlayıb. 2015-ci ildə statusu aşağı salınsa da, yeni standartın (Sidney 2013) tələbinə uyğun hazırlanan MHŞT hesabatını ictimaiyyətə açıqlayan ilk ölkə də Azərbaycan olub. 2017-ci il martın 8-9-da Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün Beynəlxalq İdarə Heyətinin 36-cı iclasında isə Azərbaycanın MHŞT-dəki fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub. Bu qərardan sonra Azərbaycan hökuməti ölkənin MHŞT-ni tərk etdiyini bəyan edib. Prezident İlham Əliyevin 2017-ci il 5 aprel tarixli fərmanı əsasında Azərbaycanda Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiya yaradılıb. Bu gün Azərbaycan hasilat sənayesində şəffaflıq və hesabatlılıq standartlarının tətbiqini beynəlxalq prinsiplər əsasında davam etdirir”.
Azərbaycanın 2013, 2014 və 2015-ci illər üzrə hesabatının yeni MHŞT Standartının tələbinə uyğun hazırlandığını vurğulayan ekspert 2016-cı il üzrə HSŞ hesabatında da daha ətraflı məlumat verildiyini qeyd edib: “Açıqlanan 2016-cı il üzrə HSŞ hesabatı əvvəliki illərə nisbətən daha əhatəli olsa da, çatışmamazlıqlar da var. Hesabatda olan çatışmamazlıqların aradan qaldırılması ilə bağlı vətəndaş cəmiyyəti institutlarının və ekspertlərin rəyləri də hesabatda dərc edilib”.
Məruzəçi daha sonra tədbir iştirakçılarına HSŞ-nin mahiyyəti, vətəndaşların HSŞ ilə bağlı məlumatları əldə edə bilmələri üçün mövcud olan elektron resurslar barədə məlumat verib.
Sonda çıxış edən Ağdam rayon İcra Hakimiyyətinin Baş məsləhətçisi Nizami Məmmədov digər təhsil ocaqlarında da bu şəkildə maarifləndirmə tədbirlərinin keçirilməsinə ehtiyac olduğunu qeyd edib.
Sonda isə tədbir iştirakçılarının sualları cavablandırılıb