Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsinin rəisi cavab verməkdən imtina etdi – ELÇİN QULİYEVİN İŞİYLƏ BAĞLI

  • By admin
  • 25 Aprel 2017 18:00

elcin

Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsinin rəisi Eldar Əhmədov hazırda həbsdə olan və ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Anti-Terror Mərkəzinin sabiq rəisi, general Elçin Quliyevin cinayət işi üzrə sözügedən idarədə  aparılan istintaqın yekunu ilə bağlı ittiham aktının zərərçəkənlərə verilməməsiylə bağlı sualı cavablandırmaqdan imtina edib.

Bu haqda Gununsesi.info-nun sorğusuna cavabında E.Əhmədovun köməkçisi bildirib.

O, bildirib ki, E.Əhmədov məşğuldur və bu sualın cavabını vermək niyyətində deyil.

Xatırladaq ki, hazırda həbsdə olan-ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin Anti-Terror Mərkəzinin sabiq rəisi general E. Quliyevin cinayət işi üzrə maraqlı məqam yaranıb.

Gununsesi.info-nun generalın işi üzrə zərərçəkənlərə istinadən verdiyi xəbərə görə, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsində aparılan istintaqın yekunu ilə bağlı İttiham Aktı iş üzrə zərərçəkənlərin bəzilərinə təqdim olunmayıb.

Belə ki, ittiham aktı məhkəməyə göndərilsə də, onlar ittiham aktı ilə tanış ola bilmirlər.

Zərərçəkənlər bildirirlər ki, prokurorluğun müstəntiqləri telefonlarını onların  üzünə bağladığından əlavə məlumat da ala bilmirlər:

“Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsinin qapısından isə bizi içəri almırlar”.

 Gununsesi.info-nun araşdırması zamanı o da bəlli olub ki, E. Quliyevin məhkəməsi Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçiriləcək.

Prosesin hazırlıq iclası bu ayın 27-nə təyin olunub.

Gülnaz Qənbərli

Gununsesi.info