“Ağır qrafikdəyik” - QURBAN QURBANOV

  • By admin
  • 27 Sentyabr 2019 22:45

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının VI turunda “Sumqayıt”a evdə 2:0 hesabıyla qalib gəldikləri matçdan sonra mətbuat konfransı keçirib.

Gununsesi.org xəbər verir ki, 47 yaşlı mütəxəssis əvvəlcə görüş barədə fikirlərini bildirib.

“Futbolçularımı təbrik edirəm. Ağır qrafikdəyik. Futbolçuları qarşılaşmaya maksimum motivasiya etmək çətindi. Həm fiziki, həm psixoloji yorğunluq hiss olunur. Səhvlər var, amma komanda meydana qələbə üçün çıxır və buna nail olmaq hazırlaşır. Komandada yorğunluq hiss etdik, amma bunu normal qəbul edirəm. Çətin dövrdü, diqqətli olmalıyıq. Belə sıx qrafik istər-istəməz problemlərə gətirib çıxarır. “Düdelanj”la oyuna qədər bir neçə günümüz var. Çalışacağıq ki, bütün futbolçuları normal səviyyəyə gətirək”.

– Mahir Emreli tam bərpa olunubmu?

– Hazırdı. Amma 100 faiz oynaya bilmir. Bu gün də 10-12 dəqiqə meydanda oldu. Qarşıda bir neçə gün var. Fiziki hazırlığına baxacağıq. Tam hazır olub-olmayacağı qarşıdakı günlərdə bilinəcək.

– Rəşad Sadıqov bu gün meydanda deyildi. Bu, o deməkdi ki, “Düdelanj”a qarşı start heyətdə oynayacaq?

– Rəşadın bir az temperaturu var idi. Ona görə də meydana buraxmağa risk etmədik. Düşünürəm ki, bugünlərdə o da tam formasını bərpa edəcək.

– Səfərə qələbə üçün gedirsiniz?

– Hər turnirdə maksimum yaxşı nəticə əldə etməyə çalışırıq. Fikrimiz əvvəlcə komandanı fiziki və psixoloji cəhətdən hazırlamaqdı. Təbii ki, Lüksemburqda qələbə qazanmaq istəyərik. Ancaq “Düdelanj”ın səfərdə APOEL-i məğlub etməsi bizi ciddi düşünməyə vadar edir. Hər bir halda, üstün olmağa çalışacağıq.

Gununsesi.org