Ağstafada əməliyyat: NARKOTİK ALVERÇİSİ HƏBS OLUNDU

  • By admin
  • 22 Dekabr 2017 12:32

Ağstafa şəhər sakini Habil Nağıyevin yaşadığı evə baxış zamanı 8 kiloqram 884 qram marixuana aşkar edilib.

Gununsesi.info xəbər verir ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Ağstafa Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında həyata keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində Ağstafa şəhər sakini, əvvəllər məhkum olunmuş Habil Nağıyevin yaşadığı evə baxış keçirilib.

Bu zaman evdə və həyətdə ayrı-ayrı yerlərdə sellofan paketlərdə, kisədə və çantada gizlədilmiş narkotik vasitələr aşkar edilərək götürülüb.

Ekspertizaya təqdim olunan həmin narkotik vasitələrin ümumi çəkisi 8 kiloqram 884 qram marixuana olması barədə rəy verilib.

H.Nağıyev götürülmüş maddi sübutla birgə istintaqa təhvil verilib.

Faktla bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq şöbəsində cinayət işi başlanılıb.

Gununsesi.info