Ağstafalıların işsizlik və yaşayış qayğıları

  • By admin
  • 12 Aprel 2017 09:56

agstafa

Azərbaycanın şimal-qərb hissəsində yerləşən Ağstafa rayonunda əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatıdır. Bunu həm sakinlər, həm də icra hakimiyyəti deyir. Ağstafa rayonu Gürcüstan, Ermənistan , Tovuz və Qazax rayonları ilə həmsərhəddir. Burada da qonşu rayon Tovuzda olduğu kimi, almanların yaşadığı kəndlər olub.

Həsənsu bu kəndlərdən biridir. Kənddə baxımsız alman evlərinə hər addımda rast gəlmək mümkündür. Sakinlərdən biri deyir ki, əvvəllər burada şərab və yağ zavodu olub. İndi isə burada belə iş yerləri yoxdur.  Sakin deyir ki, kənddə təhsili olanlar işləyir, olmayanlar isə kənd təsərrüfatı sahələri olan üzümçülük və ya taxılçılıqla məşğul olurlar.

“Bekarçılıqdan” gileylənənlər və dövlət müdafiəçiləri

Ağstafa rayonunun mərkəzi Ağstafa şəhəridir. Şəhər küçələri təmizdir, lakin bir çox küçələrdə Bakıda da müşahidə olunan divarlar tikilib. Mərkəzi hissədə küçənin sağ və sol tərəflərində dükanlar, mağazalar yerləşir. Mağaza qarşısında bir çox gəncin günəbaxan tumu çırtladığını görmək olar. Bir şəhər sakini əhalinin dolanşığı ilə bağlı suala belə cavab verir: “İnsanlar al-verlə məşğuldur, dükanda, bazarda işləyirlər. İşlər pis deyil, şükür işləyib maaşımızı alıb, ailəmizi dolandırırıq”.

Amma bir dükanın qarşısında dayanmış iki kişi rayon əhalisinin böyük hissəsinin “bekar” olduğunu deyir. Hətta onlardan biri əhalinin “90 faizinin” məşğul olmağa iş tapmadığnı deyir.

Bu sözlərdən sonra bir neçə il öncə bir ağstafalı sürücünün “rayonda iş imkanlarının olmamasını və əhalinin əsasən qonşu rayonlara iş üçün üz tutduqlarını” dediyini xatırlayıram.

Bu barədə sakinlərdən soruşanda bizə digər bir gənc kişi yaxınlaşır. O, bu sözlərlə qətiyyən razılaşmır. Deyir ki, Ağstafada hər şey “yüksək səviyyədədir və əksinə başqa rayonların sakinləri bura işləməyə gəlir”. “İnsanlar bomba kimi dolanırlar, hər şey əladır”, o deyir.

Bu sözlərdən sonra digər iki müsahibim suallara cavab verməyə çox da istəkli davranmırlar. Sualları bir neçə dəfə təkrar etdikdən sonra onlardan biri “ən azından Azərbaycanda yaşayırsız və bilməlisiniz insanlar burada necə yaşayır?!” gülümsəyərək sual edir.

Dolanışığından razı olan sakin isə sözlərinə davam edir. Deyir ki, “Ağstafa ən yaxşı rayonlardan biridir, burada zavodlar da var”.

Sakin: “Dövlət bilir nə edir”

Daha sonra 2 taksi sürücüsünə yaxınlaşırıq. İkisi də gəncdir. Dolanışıqlarını təmin etmək üçün taksi sürdüklərini deyirlər. Onların yanında dayanan təqaüdçü söhbətə qarışır və kəndlərdə əhalinin əsasən əkinçiliklə qazanc əldə etdiyini deyir. Şəhərdə yaşayanlara gəlincə sakin: “Şəhərdəkilər heç nə, gözəl dövlətimiz var. Gözəl işləri var. İşləməyənlər də taksi sürür, bazarda alver edən var. Fabriklər var. Qadınalr üçün tikiş fabriki var. Taxıl anbarı, dəyirman var”, deyir.  O, əhalinin dolanışığının normal olduğunu bildirir.

Bahalaşma ilə bağlı suala isə o belə cavab verir: “Bahalaşma olur. Onu dövlətimiz düşünür”, deyir. Bu zaman da aldığı təqaüdün həcmindən razılıq edir. Öyrənirik ki, sakin təqaüddə olan polis işçisidir. Deyir ki, ərzaq qiymətləri qalxsa da, dolanışıq yaxşıdır. “Hökumət belə məsləhət görüb. Gözəl hökumətimiz var”, o bu sözləri təkrar edir.

Taksi sürücüləri də ərzaq qiymətlərindəki artımı müşahidə etdiklərini deyirlər. Bunun öhdəsindən gəlmək üçün onlar “qənaət etdiklərini” bildirirlər.

Ağstafa

Poylu kəndinin dərdləri

Rayonun Poylu kəndinin sakini Elxan Qasımov heyvandarlıqla məşğuldur. O, bu işlə illərdir ki məşğuldur. Təsərrüfatçı deyir ki, əhali suvarma problemlərinə görə, əkinlə məşğul deyil. Amma bu ərazidə heyvandarlıq geniş yayılıb. Lakin son illərdə bu sakinlərin başqa problemi yaranıb. Elxan Qasımov deyir ki, onların ümumi istifadəsi üçün nəzərdə tutulmuş torpaqlar sakinlərin əllərindən alınıb. Kənd sakini deyir ki, sahələri “zəbt edən” şəxs onlara hədə qorxu gəlir.

Elxan Qasımov Ağstafa çayında da kənd sakinlərinin çıxışının əngəlləndiyindən şikayət edir. “Qoymurlar çaya keçməyə. Ordan adamlar moruq yığıb satırdı, 5 manat çörək pulu qazanırdı. İndi qoymurlar”, o deyir. Bir müddət əvvəl İmişli və Kürdəmirdən olan fermerlər də otlaq sahələrinin əllərindən alındığını deyirdilər.

Həmçinin oxu: Fermerlər: “torpaqlarımızı əlimizdən alırlar”

Elxan Qasımov bildirir ki, yaranmış vəziyyətə görə, kənd sakinlərinin çoxu mal-qarasını satır. “İnsanlar onun bunun qapısında işləməklə dolanır. Belə edirlər ki, qoy camaat gəlib onların damını təmizləsin”, sakin deyir. Onun sözlərinə görə, kənd sakinləri etiraz etməyə qorxur. “Camaat deyir bizi tutacaqlar. İcra hakiminə verməyə 25 imzanı zorla topladıq”. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti BBC Azərbaycancaya bildirib ki, bu ərazilərdə “əhalinin suvarma ilə bağlı problemi olmamalıdır”.

Sahələrin qanunsuz zəbt olunması iddiası ilə bağlı Ağstafa Rayon İcra Hakimiyyətindən şərh almaq mümkün olmayıb.

 

İşə düzələ bilməmək

Ağstafa rayonunun bəzi ərazilərində boş əkin sahələri gözə dəyir. Bu sahələri plastik paketlər bürüyüb. Bir hissəsində isə evlər tikilir. Sakinlərdən biri rayonda geniş yayılan işsizlikdən danışır. Deyir ki, uzun müddətdir heç yerdə işə düzələ bilmir. “Prezident fərman verib ki, məşğulluğa müraciət edin. Gedirik, deyirlər iş yeri yoxdur. Kimin qohumu, tanışı varsa, o işə düzəlir”, sakin deyir.

Onun sözlərinə görə, rayonda əsas qazanc mənbəyi taksi sürmək, usta kimi işləmək, ya da fəhləlik etməkdir. “Şəmkirdə parniklərə görə dolanışıq yaxşıdır. Bizdə aclıqdır”. o deyir.

Sakin Ağstafada “qonşu Qazaxda olduğu kimi” gənc kişilərin hərbçiliyə daha çox üz tutduğunu da qeyd edir. Gürcüstanla sərhəd olan rayonun digər sakini al-ver üçün ora üz tutmağa cəhd etsə də, yaradılan maneələrə görə bunun da mümkün olmadığını deyir. “Adamlar siqaret zad gətirib satırlar ki, çörək pulu qazansın, ona da imkan vermirlər”, sakin gileylənir.

cra Hakimiyyəti nə deyir?

Ağstafa Rayon İcra Hakimiyyətinin rəsmi səhifəsində qeyd olunur ki, Ağstafa rayonunun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Quruma əsasən, rayonda məşğul əhalinin əsas hissəsi kənd təsərrüfatında, həmçinin, burada fəaliyyət göstərən sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət, ictimai-iaşə xidməti sahəsində çalışır. “Hazırda məşğul əhalinin sayı 41860 nəfərdir. onlardan 17856 nəfər kənd təsərrüfatı sahəsində çalışır”, qurum bildirir. İcra hakimiyyəti deyir ki, məşğul əhalinin 6098 nəfəri dövlət, 37834 nəfəri isə qeyri dövlət sahələrində çalışır.

BBC (Azeri)