XƏBƏR LENTİ

19 Fevral 2018

19 Avqust 2016 - 10:42

Ağsu və Şamaxı rayonlarının dağlıq və meşə ərazisində baş verən güclü yanğın söndürüldü

cb61d20176c6277ce15e94f1ececf2cb

Ağsu və Şamaxı rayonlarının dağlıq və meşə ərazisində baş verən güclü yanğın söndürülüb.

Gununsesi.info-nun APA-nın yerli bürosuna istinadən xəbərinə görə, Ağsu dolaylarında və Şamaxının dağlıq ərazisində baş verən yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının şəxsi heyəti, Ağsu, Şamaxı, Kürdəmir, Göyçay, İsmayıllı və Qobustan rayonlarının Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi cəlb olunub.

Yanğın hadisəsi yüksək dağlıq ərazidə və dərələrdə baş verdiyi üçün hadisə yerinə yanğınsöndürən avtomobillərin yaxınlaşması mümkün olmayıb. Yanğınsöndürənlər əl əməyindən istifadə edərək çətinliklə də olsa alovun qarşısını alıblar.

Məlumata görə, ötən gün saat 12:30 radələrində başlayan yanğın gecə saatlarınadək davam edib. Şamaxı rayonunun Şərədil kəndi ərazisində naməlum səbəbdən başlayan meşə yanğınları getdikcə Ağsu ərazisinə keçib. Ərazidə havanın küləkli olması qısa vaxtda alovun daha da genişlənməsinə səbəb olub. Yanğınsöndürənlər Ağsu dolaylarında minlərlə hektar sahəsi olan meşəlik ərazilər, yaxınlıqdakı otel və istirahət mərkəzlərini alovdan mühafizə ediblər.

Hadisə zamanı ümumilikdə Ağsu və Şamaxı ərazisində 35 hektar sahədə meşə ağacları, quru ot və kol-kos yanıb. Yanğın söndürülsə də hazırda FHN-in Ağsu Dövlət Yanğından Mühafizə Hissəsinin şəxsi heyəti hadisə yerinə nəzarət edir və közərən yanğın ocaqlarının genişlənməməsi üçün tədbirlər görürlər.

Qeyd edilib ki, ərazidə hava küləkli olduğu üçün közərən yanğın ocaqları hər an böyük yanğına səbəb ola bilər.

Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info