İqtisadçı-alim, Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu bildirib ki, idxal benzinin qiymətini artırmaqla yerli istehsalın bahalaşmasına zəmin yaradılır.
Gununsesi.info-nun məlumatına görə, Q. İbadoğlu bu haqda “facebook” sosial şəbəkəsində yazıb: “Bugünkü bahalaşmadan sonra Azərbaycana idxal olunan premium markalı benzin 1 manat 15 qəpik , “Super” markalı benzin isə 1 manat 20 qəpik olub. Son artımdan sonra idxal olunan benzinin 1 litrinin pərakəndə satış qiyməti ilə yerli istehsal arasında fərq xeyli çoxalıb. Məsələn, “Super” markalı idxal benzinin qiyməti yerli istehsal olan dizel yanacağının qiymətindən 2 dəfə, A-92 markalı benzinin qiymətindən isə 1,71 dəfə yüksəkdir. Eyni zamanda, manatın ucuzlaşması davam etdikcə bu fərq daha da yüksələcək. Bu isə yaxın zamanlarda inhisarçı şirkət tərəfindən istehsal etdiyi məhsulun qiymətinin artırmaq məqsədilə Tarif Şurasına müraciəti üçün yeni əsaslar yaradır. Çünki, inhisarçı şirkətin idxal benzinin bahalaşmasından sonra A-92 benzinə tələbatın artdığını əsas götürməklə, yerli istehsal olan A-92, Dizel, “LPC” markalı yanacağın qiymətini bahalaşdıracağı ehtimalı böyükdür”.
İqtisadçı həmçinin qeyd edib ki, son günlər manatın ABŞ dollarına nisbətən sürətlə ucuzlaşması, yerli yanacaq istehsalının dollar ifadəsində cari qiymətlərinin qonşu ölkələrlə müqayisədə aşağı düşməsinə və onlar arasında fərqin artmasına şərait yaradır: “Beləliklə də ölkələrarası müqayisə də qiymətin bahalaşmasına əlavə arqumentlər yaradır. Odur ki, yaxın zamanlarda bütün növ markada olan benzinin qiymətinin bahalaşması gözləniləndir”.
Anar
Gununsesi.info