Aİ-95 benzini niyə bahalaşdı?

  • By admin
  • 13 İyul 2022 11:40

“Aİ-95 premium benzinin bahalaşmasının səbəbləri obyektivdir. O baxımdan ki, ötən ilin sentyabrın 15-də Azərbaycanda sonuncu dəfə yüksək oktanlı benzinin qiyməti qalxıb. Azərbaycan bu markalı benzini özü istehsal etmir, xaricdən alır. Ona görə də qiymətləri xarici bazar tənzimləyir”.

Bunu Publika.az-a açıqlamasında neft-qaz sahəsi üzrə ekspert İlham Şaban deyib.

İlham Şaban bildirib ki, həmin vaxt “Brent” markalı neft 75 dolların üzərində ticarət edilirdi:

“Ötən ilin sonunda “Brent” markalı neftin qiyməti 72 dollara qədər ucuzlaşmışdı. Qiymətlərin həmin dövrdə dəyişməməsi, bahalaşmaması bu baxımdan normaldır. 2014-cü il aprelin 1-dən etibarən Azərbaycanda yüksək oktanlı benzinin qiyməti dövlət tərəfindən tənzimlənmir. Belə olan halda benzinin qiymətinin sabit qalması təəccüblüdür. Reallıq ondan ibarətdir ki, qanunla olmasa da, dövlət qiyməti öz resursları hesabına tənzimləyib. Ancaq ilin əvvəlində dünya bazarında neftin qiyməti yüksəlməyə başladı. Yanvarın axırında neftin qiyməti 90 dolların həddinə çatmışdı. Cari ilin birinci rübünün yarısında “Brent” markalı neftin orta qiyməti 106 dollara qədər yüksəldi. 40 dollar artımın qarşılığında benzinin də bahalaşması baş verib. Qiymətlər dünya bazarına müvafiq olaraq qalxmalı idi. Amma bizdə gözlədilər və birdən-birə qiymət artımı baş verdi. Bahalaşma yavaş-yavaş olmalıdır ki, insanlar psixoloji cəhətdən də ona hazır olsunlar”.

Gununsesi.info