“Aİ Dağlıq Qarabağdakı “seçkilər”i tanımır” – Mogerini

  • By admin
  • 07 Dekabr 2019 11:16

Avropa İttifaqı (Aİ) Dağlıq Qarabağda keçirilən “seçkilər”in konstitusiya və hüquqi çərçivələrini tanımır.

Gununsesi.org Trend-ə istinadən bildirir ki, bu barədə Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Federika Mogerini, Avropa Parlamentinin Bolqarıstandan olan üzvü İlhan Küçükün Ermənistan tərəfindən bu ilin sentyabrında işğal edilmiş Azərbaycan ərazilərində keçirilmiş qondarma “seçkilər” barədə səsləndirdiyi suala cavabında deyib.

F.Mogerininin cavabında deyilir: “Şərq Tərəfdaşlığı Sammitinin bəyannamələrində açıq şəkildə göstərilir ki, Avropa İttifaqı bütün tərəfdaşlarının, o cümlədən Azərbaycanın ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini dəstəkləməyə sadiqdir. Eynilə, Avropa İttifaqı Dağlıq Qarabağda qondarma “seçkilər”in keçirildiyi konstitusiya və hüquqi çərçivələri tanımır. Bu cür prosedurlar Dağlıq Qarabağın gələcək statusunun müəyyənləşdirilməsinə xələl gətirə və ya danışıqlar prosesinə təsir göstərə bilməz”.

Qeyd olunduğu kimi, Aİ ATƏT-in Minsk Qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin, o cümlədən Aİ-nin Cənubi Qafqazdakı xüsusi nümayəndəsi vasitəsi ilə sülh yolu ilə həllinə yönəlmiş səylərini dəstəkləməkdə davam edir.

Mogerini dekabrın 1-dən etibarən Avropa diplomatiyasının rəhbəri vəzifəsinin icrasını dəyandırıb.

Qeyd edək ki, iki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları səbəbindən yaranıb. Dağlıq Qarabağ və ona bitişik yeddi rayon – Azərbaycan ərazisinin 20 faizi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

1994-cü ilin mayında tərəflər atəşkəsə nail olublar və bu günə qədər Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə ATƏT-in Minsk Qrupunun himayəsi altında uğursuz sülh danışıqları davam edir.

BMT Təhlükəsizlik Şurasının işğal olunmuş Dağlıq Qarabağın və ona bitişik ərazilərin azad edilməsi ilə bağlı qəbul etdiyi 4 qətnamə hələ də Ermənistan tərəfindən yerinə yetirilmir.

Gununsesi.org