Aİ ölkəsində “qondarma erməni soyqırımı” iddiaları: XİN rəhbərinin bu addımı böhrana səbəb oldu

  • By admin
  • 21 Dekabr 2023 13:19

Baltikyanı Estoniyada xarici işlər naziri Marqus Tsaxnanın “qondarma erməni soyqırımı” iddialarını tanımağa hazırlaşdıqları barədə açıqlaması böhrana səbəb olub. Parlamentin Xarici Əlaqələr Komitəsinin sədri Marko Mihkelsondan sərt reaksiya gəlib.

Gununsesi.info xəbər verir ki, Avropa İttifaqının (Aİ) üzvü olan Baltikyanı ölkə Estoniyada Türkiyə ilə münasibətlər böhran məsələsinə çevrilib.

Estoniyanın xarici işlər naziri Marqus Tsaxna ötən həftə Ermənistanın paytaxtı İrəvana səfəri zamanı “qondarma soyqırım” iddialarını tanımaq üçün addımlar atacaqlarını açıqlayıb. Tsaxna açıqlamasında bildirib ki, Estoniyanın bir çox müttəfiqi “soyqırım iddialarını” tanıyıb və məsələni Estoniya parlamenti Riiqikoquya çıxaracağına söz verib.

Xarici işlər nazirinin bu açıqlamasına Parlamentin Xarici Əlaqələr Komitəsinin sədri Marko Mihkelson sərt reaksiya verib. Mihkelson xəbərdarlıq edib ki, Estoniya Ermənistanın iddialarını tanıyaraq Türkiyə ilə münasibətləri zəiflətməsi böyük səhv olardı.

Tsaxnanın təklifinə təəccübləndiyini deyən Mihkelson, məsələnin parlamentdə heç vaxt müzakirə edilmədiyinə diqqət çəkib və deyib:

“Biz bunu nazirin sosial şəbəkədəki paylaşımında oxuyuruq. Xarici İşlər Naziri bu kiçik detalı unudur: Əgər Riiqikoquda mümkün olan ən böyük dəstəyi almaq istəyirsinizsə, sosial mediada elan etməzdən əvvəl bu məsələni tərəfdaşlarınızla müzakirə etməli və ona olan həvəsi görməlisiniz. Müxtəlif təbəqələrin nümayəndələri ilə ünsiyyətimdə bu məsələnin indiki məqamda vacib olduğunu görmədim“.

Mihkelson bəyan edib ki, hazırda dünya mürəkkəb prosesdən keçir və Ukrayna müharibəsi Estoniyanın düz yanında gedir. “Hazırda Türkiyə ilə münasibətlərə üstünlük vermək daha vacibdir. Bizim Türkiyə ilə mühüm müdafiə əməkdaşlığımız var və o, NATO-nun çox mühüm müttəfiqidir. İstənilən başqa addım Estoniyanın təhlükəsizlik maraqlarına tamamilə ziddir”, – o deyib.

Gununsesi.info