Rusiyanın Ukraynaya irimiqyaslı zərbələrindən sonra Avropa İttifaqı hərbi yardımı artırmaq niyyətini açıqlayıb.
Gununsesi.info xəbər verir ki, Aİ nümayəndəsinin bəyanatı Avropa Xarici Fəaliyyət Xidmətinin saytında dərc olunub.
Aİ Rusiyanın raket hücumu nəticəsində 50-dən çox insanın öldüyü, yüzlərlə insanın yaralandığı Poltava faciəsi ilə bağlı başsağlığı verib.
“Bu, Rusiyanın mümkün qədər çox itki və geniş dağıntılar verməyə cəhd edərək, Ukraynaya və xalqına qarşı amansız müharibəsini davam etdirmək niyyətini sübut edən növbəti məqsədyönlü qan tökülməsidir. Biz həlak olanların ailələrinin kədərinə şərikik və Ukrayna xalqını dəstəkləyirik”, – deyə bəyanatda bildirilir.
Aİ sözçünün sözlərinə görə, son iki il yarım ərzində Rusiya cinayətkar işğalçı müharibəsi zamanı Ukrayna əhalisini terrora məruz qoyub, Ukraynanın hər yerində ayrı-seçkilik etmədən raket və dron hücumları həyata keçirib, ilk növbədə mülki hədəfləri vurub.
“Ukrayna BMT Nizamnaməsi ilə özünün qanuni müdafiə hüququna uyğun olaraq, Rusiya ərazisində hərbi platformalardan həyata keçirilən bu cür biabırçı hücumları effektiv şəkildə dəf etməyi və təcavüzkarı rədd etməyi bacarmalıdır. Avropa İttifaqı hava hücumundan müdafiə və sursat sistemləri də daxil olmaqla, hərbi təchizatın artırılmasına sadiq qalır. Bu təchizatlar Ukraynanın özünümüdafiəsini gücləndirəcək, günahsız insanların həyatını xilas edəcək və Ukraynadakı dağıntıların səviyyəsini azaltmağa kömək edəcək”, – deyə spiker qeyd edib.
Gununsesi.info