Ailənin tək övladı olaraq döyüşə könüllü gedən şəhid Rəşad Ələkbərov

  • By admin
  • 17 Dekabr 2020 18:47

Anası ilə eyni gündə doğulan, 23 il ad günlərini birgə qeyd edən, ailənin yeganə övladı olan şəhid Rəşad Ələkbərov anasının bütün israrlarına baxmayaraq, könüllü olaraq müharibəyə gedib.

Gununsesi.org xəbər verir ki, bunu Trend-ə şəhid Rəşad Ələkbərovun dayısı Faiq Ələkbərov deyib.

Onun sözlərinə görə, Rəşad Tovuz hadisələrindən sonra Gəncə şəhəri Kəpəz rayon hərbi komissarlığına gedərək qeydiyyatdan keçib. Vətən müharibəsi başlayan kimi yenidən hərbi komissarlığa müharibədə iştirak etmək üçün müraciət edib:

“Rəşad ailənin tək oğul övladı olmasına baxmayaraq, ön cəbhəyə getməkdən heç cür çəkinməyib, özü bunu israr edib. Ailənin tək övladı olduğu onun üçün birbaşa ön cəbhəyə, Qarabağ cəbhəsinə yox, Qazaxa, Tovuza, cəbhədən kənar yerlərdə xidmət etmək şansı olub. Amma bütün hallarda ön cəbhəyə getmək, düşmənlə qaynar döyüş nöqtələrində döyüşmək istəyib. Anası ona deyib ki, mənim səndən başqa dayağım yoxdu, sən müharibəyə getsən mənə kim həyan olacaq? Rəşad da anasına “yaxşı, mən getməyim, sən getmə, başqaları getməsin, bəs, onda kim bu Vətəni, bu milləti qorusun, torpaqlarımızı işğaldan azad etsin” deyib”.

F.Ələkbərov əlavə edib ki, Rəşad Füzulidə, Hadrutda, Xocavənddə, Daşaltı, Şuşa və Xankəndidəki döyüşlərdə qəhrəmanlıqla döyüşüb, bu şəhərlərimizin və bir sıra kəndlərimizin işğaldan azad edilməsində fədakarlıqlar göstərib. Oktyabrın əvvəllərindən şəhid olana qədər bir aydan çox müharibədə iştirak edib, Hadrutun, Xocavəndin, Xocalının kəndlərinin alınmasında fədakarlıqla vuruşub. Rəşad Şuşa döyüşlərində yaxından iştirak edib və Şuşanın azad olunub, ordumuz Laçın istiqamətində irəliləyərkən baş verən döyüşlərdə qəhrəmancasına şəhid olub:

“Biz ayın 7-dən sonra ondan heç bir məlumat ala bilmədiyimiz üçün güman edirdik ki, Rəşad noyabrın ya 8-də, ya da 9-da şəhid olub. Rəşadın şəhid olması xəbərini noyabrın 11-də eşitdik. Onu noyabrın 12-də Gəncənin Şəhidlər Xiyabanında dəfn etdik. Rəşadın arzusu torpaqlarımızı azad edib, qalib əsgər kimi geri qayıtmaq idi, amma o, bir şəhid kimi qayıtdı”.

Gununsesi.org