Akif Çovdarovun 13 milyonluq əmlakının yenidən müsadirəsi istənilir

  • By admin
  • 11 Aprel 2023 14:47

Bakının Nizami rayonunda yerləşən, “8-ci kilometr bazarı” kimi tanınan ticarət mərkəzinin müsadirədən azad olunması ilə bağlı qərardan verilmiş kassasiya şikayəti üzrə bu günə təyin olunmuş məhkəmə prosesi təxirə salınıb.

Ali Məhkəmənin icraatında olan iş üzrə iclasın təxirə salınmasına səbəb eyni qərardan bir neçə gün əvvəl protest verilməsidir.

Şikayət və protest eyni qərardan olduğu üçün onlara bir yerdə baxılacaq.

Prosesin qeyri-müəyyən vaxta təxirə salındığı bildirilir.

Qeyd edək ki, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov və həmin idarənin keçmiş işçisi, polkovnik Səlim Məmmədovun əmlaklarının müsadirədən azad olunması ilə bağlı prokuror protest, “8-ci kilometr bazarı”nın əvvəlki sahiblərindən biri olmuş Çingiz Əsədov isə maraqlı şəxs qismində şikayət verib.

APA-nın əldə etdiyi xəbərə görə, prokuror Akif Çovdarovun yaxınlarına qaytarılmış əmlakların 13 milyon 342 min manatlıq hissəsinin yenidən müsadirə edilməsini istəyir.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Akif Çovdarovun bazar dəyəri 26 milyon manata yaxın qiymətləndirilən 17 əmlakı müsadirədən azad olunub. Prokuror onlardan 11 əmlaka münasibətdə narazı qalıb. Həmin əmlakların 13 milyon 342 min manatlıq hissəsinin müsadirədən azad olunması ilə bağlı qərar ləğv edilərək, Bakı Apellyasiya Məhkəməsində yeni baxışa təyin olunması istənilir.

Müsadirəsi istənilən əmlaklar bunlardır:

1. Abşeron rayonu, Novxanı kəndində torpaq sahəsi – bazar dəyəri 86 min manat;

2. Xızı rayonu, Qızılqazma kəndində torpaq sahəsi – bazar dəyəri 400 min manat;

3. Şamaxı rayonu, Nağaraxana kəndində torpaq sahəsi və üzərində tikilmiş əsas və yarımtikili – bazar dəyəri 750 min manat;

4. Abşeron rayonu, Saray qəsəbəsində torpaq sahəsi – bazar dəyəri 60 min manat;

5. Abşeron rayonu, Saray qəsəbəsində torpaq sahəsi – bazar dəyəri 203 min manat;

6. Abşeron rayonu, Saray qəsəbəsində torpaq sahəsi – bazar dəyəri 59 min 500 manat;

7. Nəsimi rayonunda yerləşən yeddimərtəbəli yaşayış binası – bazar dəyəri 4 milyon 500 min manat;

8. Nəsimi rayonunda yerləşən qarajlar – bazar dəyəri 96 min manat;

9. Kürdəmir rayonu, Mollakənd kəndində yerləşən göllər və tikililər – bazar dəyəri 640 min manat;

10. Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən bir neçə tikili – bazar dəyəri 4 milyon 310 min manat;

11. Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən iki hektar torpaq sahəsi – bazar dəyəri 2 milyon 470 min manat.

Prokuror Nizami rayonundakı “8-ci kilometr bazarı”nın 50 faizlik payı daxil olmaqla yeddi əmlakın müsadirədən azad olunmasını qanuna uyğun hesab edib. Həmin əmlakların ümumi bazar dəyəri 12 milyon manat qiymətləndirilib.

Bundan başqa, qərarın MTN polkovniki Səlim Məmmədovun yaxınlarına qaytarılmış əmlakın müsadirədən azad olunması hissəsinə dair ləğvi də istənilib.

Nəsimi rayonunda yerləşən evin bazar dəyəri 161 min 500 manatdır.

Xatırladaq ki, Akif Çovdarov və Səlim Məmmədov 2015-ci ildə həbs ediliblər. Bakı Hərbi Məhkəməsinin hökmü ilə Akif Çovdarov 12 il, Səlim Məmmədov isə 11 il müddətinə azadlıqdan məhrum ediliblər.

Prezident İlham Əliyevin 2020-ci ildə imzaladığı əfv sərəncamı ilə Akif Çovdarov, 2022-ci ilə imzaladığı əfv sərəncamı ilə Səlim Məmmədov azadlığa buraxılıblar.

Gununsesi.info