“Yalançı, şərəfsiz adamları gətirib generala qarşı ifadə alıblar” - AKİF ÇOVDAROV

  • By admin
  • 16 Yanvar 2017 15:05

akif

Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Gununsesi.info-nun məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə jurnalistlərin iştirakı olmadan keçirilən prosesdə Biləcəri qəsəbəsinin sabiq
bələdiyyə sədri İlham Xəlilovun epizodu üzrə şahidlər dindirilib.
Vəkil Sadiq Rəsulov jurnalistlərə bildirib ki, şahid qismində dindirilən Natiq Hümbətov Akif Çovdarovla qohum olduğunu deyib. O bildirib ki, hazırda zərərçəkmiş kimi tanınan İlham Xəlilovu Akif Çovdarovun evində keçirilən məclisdə görüb və onların yaxın münasibəti olub: “Akif Çovdarov həbs ediləndə İlham dedi ki, onun Akif Çovdarova 60 min manat borcu olub, amma borc sənədi mənim adıma yazılıb. O, məndən notariusdan sənəd almağımı istədi. Sənəddə qeyd edilməliydi ki, İlhamın mənə borcu yoxdur. Mən də onun xahişini yerinə yetirdim”.

Daha sonra iclasda Akif Çovdarovun kürəkəni Rövşən Qasımov ifadə verib. R. Qasımov İlham Xəlilovdan torpaq sahəsi almaq istədiyini təsdiqləyib. Bildirib ki, həmin məsələdə Akif Çovdarovun rolu olmayıb və o, İlham Xəlilova heç bir təzyiq etməyib.

İclasda Binəqədi bələdiyyəsinin keçmiş sədri Elman Salmanov İlham Xəlilov epizodu üzrə əlavə ifadə verib. Elman Salmanov deyib ki, İlham Xəlilov ondan Çovdarova vermək adı ilə əlavə 16 min manat da alıb: “İlham Xəlilov məndən Akif Çovdarova vermək adı ilə 150 mindən əlavə 16 min də aldı. Dedi ki, Novxanıda Akif Çovdarova tikilən bağ evinin birinci mərtəbəsini mən, qalan mərtəbələrini də İlham Xəlilov özü tikdirəcək”.

A. Çovdarov onun dediklərini təkzib edib: “Narazılığım prokurorluqdandır. Onlar yalançı, şərəfsiz adamları gətirib generala qarşı ifadə alıblar”.

Məhkəmə prosesi fasilədən sonra davam edəcək.

Qeyd edək ki, təqsirləndirilən şəxslər – Akif Çovdarova Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrumetmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israfetmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələbetmə külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri, Səlim Məmmədova həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.1, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri, Akif Əliyevə həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri və Orxan Osmanova isə həmin Məcəllənin 145.3, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə yekun ittihamlar irəli sürülüb.

Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Akif Çovdarov, Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.