Akif Çovdarovun məhkəməsi təxirə salındı - QƏRAR

  • By admin
  • 16 Mart 2020 20:08

Ali Məhkəmədə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov və polkovnik Səlim Məmmədovun kasasiya şikayəti üzrə məhkəmə prosesi yenidən təxirə salınıb.

 

Hakim Əziz Seyidovun sədrliyi ilə qapalı keçirilən proses əvvəl yanvarın 30-na təyin edilmişdi. Sonra isə bu tarix yenidən dəyişdirildi. Ən son bilgiyə görə, məhkəmə sədrinin qərarı ilə proses bu dəfə martın 30-dək ertələnib. A. Çovdarovdan başqa onun vaxtilə “sağ əli” sayılan polkovnik Səlim Məmmədovun da şikayətinə baxılmalıdır.

 

Gununsesiaz.info Musavat.com-a istinadən bildirir ki, A.Çovdarov və Səlim Məmmədov 2015-ci ildə həbs edilib. Bakı Hərbi Məhkəməsinin hökmü ilə Akif Çovdarov 12 il, Səlim Məmmədov 11 il müddətinə azadlıqdan məhrum edilib.

 

Bakı Apelyasiya Məhkəməsi onların apelyasiya şikayətini təmin etməyib. Ali Məhkəmədə prosesin uzun müddətə təxirə salınmasında qeyri-adi heç nə yoxdur. Çünki son qərarverici orqan olduğu üçün şikayət predmet üzrə ətraflı araşdırma tələb edilir. Başqa bir ehtimala görə isə ölkədə koronavirus təhlükəsi ilə bağlı elan olunmuş karantin planlarına məhkəmə prosesləri də daxil edilib.

 

Məlumdur ki, xəstəlik təhlükəsi ilə bağlı həbsxanalarda dustaqlarla, müvəqqəti təcridxanalarına isə təqsirləndirilən və ya apelyasiya şikayəti vermiş məhkumlarla görüş qadağan olunub. Bu qadağa yalnız vəkillərə aid deyil. Gözlənilir ki, karantinlə bağlı gətirilmiş məhdudiyyət məhkəmə proseslərinə də şamil ediləcək. Bu qadağa artıq qonşu Türkiyədə qüvvəyə minib, bütün məhkəmə prosesləri ən azı bir ay müddətinə təxirə salınıb.

 

 

Gununsesiaz.info