Akif Nağı : “Astan  Şahverdiyevin üzürü qəbahətindən böyükdür”

  • By admin
  • 26 Dekabr 2016 12:41

 

astan1

“Millət vəkili Astan Şahverdiyev nəinki millət vəkili kimi, heç  işğal altında olan  fizulili kimi də  bu məsələdə belə aşağılayıcı formada açıqlama verməməliydi.  Hər halda ölkənin  hazırkı durumunda millət vəklləri xalqı qıcıqlandıran, onları aşağılayan açıqlamalar verməkdənsə, seçicilərinin problemlərini həll etməyə yardımçı olmalıdırlar. Millət vəkilləri seçiciləriylə dövlət arasında vasitəçi olduqlarını unudublar”.

Bu haqda Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı  Gununsesi.info-ya Milli Məclisin deputatı Astan Şahverdiyevin Rusiyada işləyən azərbaycanlılar haqqında işlətdiyi aşağılayıcı ifadələrə münasibət bildirərkən  belə deyib.

Deputat Astan Şahverdiyevin bu cür açıqlama verməsinə təəssüf etdiyini bildirən QAT sədri bildirib ki,   Astan Şahverdiyevi 30 ilə yaxındır  ki, tanıyır: “A.Şahverdiyevlə  Azərbaycan Texniki Universitetində birlikdə işləmişik. O zamanlar  kafedra müdiriydi,  xoş münasibətimiz var idi.  1993 cı ildə Qarabağ Azadlıq Hərəkatını da  bir yerdə yaratmışıq.  Mənimlə birlikdə QAT-ın həmsdəriydi.  Sonra birdən-birə əqidəsini, siyasi ruhunu dəyişdirdi və YAP sıralarına keçdi.  YAP-çı oldu, YAP yoluyla getdi, deputat oldu. Yolundan  da azdı.  Adam yapçı-da olar, digər partiyalardan hansınınsa  üzvü də, vəzifədə də  ola bilər, nə dəxli var ki…  Amma gərək insan yolunu azmasın, harınlamasın. Son vaxtlar,  xüsusən də, deputatların içərisində  bu cür çıxış edənlərin sayı artıb.  Camaatın və mətbuatın nazirlərə əli çatmır deyə,  onların sarsaqlamasını lentə köçürə bilmirlər.  Amma bu deputatlar bir az əlçatandır deyə, ona görə də  KİV-də, seçicilər də  üzlərini millət vəkillərinə tuturlar.  Millət vəkillərinin də bəziləri harınlayıblar, görmədikləri günə düşüblər.  Yəni deputatlıqları sayəsində  var-dövlət əldə ediblər.  Bu var-dövlət də onların  başlarını xarab edib.  Verdiyi  açıqalamada oxudum ki, A.Şahverdiyev deyir ki, guya rusdillidir.  Sözləri guya başa düşmür.  Onunla illərlə yoldaşlıq etmişəm,  amma onun rusdilli olduğunu da görməmişəm.   Belə demək gülüncdür. Hər şeydən əvvəl sən azərbycanlısan, necə millət vəkilisən ki, öz dilini anlamırsan. Yəni  A.Şahverdiyevin üzürü qəbahətindən də böyükdür. Hər halda  A.Şahverdiyevlə çox yaxın münasibətlərimiz olub,  ona görə məsləhət görürəm ki,  səhvini  etiraf edib, üzr istəsin.  A.Şahverdiyev  səhvini nə qədər tez  başa düşsə,   məcburi köçkünlərdən də, təhqir  etdiyi insanlardan da və  bütün Azərbaycan xalqından da üzr istəsə, o qədər tez bağışlanar. Bizim xalq kinli deyil, bağışlayandır.  Dünən internetdə  A.Şahverdiyevə ünvanlanan  video-roliklər  gördüm. Hollandiyadan bir nəfər çəkib yerləşdirib,  A. Şahverdiyevə qarşı böyük qəzəblə xitab edib.  Bu bütün dünyada gedən prosesdir,  bunun  da öz obyektiv və subyektiv səbəbləri var.  Ən inkişaf etmiş ölkələrdən də insanlar miqrasiya edirlər. Yəni, bu  ümumi  araşdırılmalı bir məslədir. Lakin birmənalı şəkildə götürəsən ki,  ölkəni tərk edib başqa ölkədə işləməyə gedənlər millətin  törtöküntüsü, “otxod “hissəsidir  bu çox səviyyəsiz  açıqlamadır”-, deyə o bildirib.

Qeyd edək ki,  millət vəkili Astan Şahverdiyev  “Azadlıq” radiosuna verdiyi müsahibəsində belə demişdi: “Azərbaycan cəmiyyəti haqda Rusiyada çox pis fikir formalaşıb, səbəbi bilirsiniz nədir? Mən bunun səbəbini araşdırmışam. Rusiyaya gedənlər kimlərdir? Bizim cəmiyyətin “otxodları”dır. Gedib bazarda işləyənlər. İndi burda baş qaldıranlar da… Hər yerdə belə tör-töküntülər var”.

Gülnaz Qənbərli

Gununsesi.info