Akif Nağı Mehriban Əliyevaya müraciət etdi

  • By admin
  • 22 İyun 2016 17:18

akif nagi

 

“Ömürlük həbsdə olanların da müdafiəyə haqları, mərhəmətə ehtiyacları var”. Gununsesi.info-nun məlumatına görə, bu haqda Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı başçılıq etdiyi qurumun təşəbbüsü ilə ömürlük məhbusların hüquqlarının müdafiəsinə həsr olunan tədbirdə deyib. Tədbirdə Ömürlk Məhbusların Hüquqlarını Müdafiə Komitəsinin yaradıldığı bildirilib. Komitəyə Akif Nağı (sədr), Oqtay Güləliyev, Zahid Qarayev, Elçin Həsənov, Müslümat Rzaxanova, Təranə Məmmədova, Nurəddin Quliyev və digərlərinin daxil olduqları elan edilib. QAT sədri Akif Nağı bildirib ki, hər dəfə əfv fərmanları, amnistiya təşəbbüsləri olanda bu insanlar yaddan çıxır: “Onların da dövlət başçısının diqqətində olmasını istəyirik. Bu insanların bəzilərinə hərəkətlərinə uyğun gəlməyən ağır cəza verilib. Məsələn, QAT üzvü Məmməd Məmmədov 2003-cü ildə bir qrup gənclə birlikdə dəstə yaradıb, Qarabağda partizan müharibəsini başlamaq istəyiblər. Onları həbs edərkən 1 nəfər polis əməkdaşı həlak olub, bu ölüm hadisəsinə görə Məmməd Məmmədova ömürlük həbs cəzası veriblər. Elçin Əmiraslanov Qarabağ müharibəsində fədakarlıqla vuruşub, 20 ildən çoxdur ki, ömürlükdə yatır, ağır xəstədir. Bu misalların sayını artırmaq olar. Bu insanların bir hissəsi artıq 25 ildən çoxdur ki, həbsdədirlər, vərəm və digər ağır xəstəliklərdən əziyyət çəkirlər. İstərdik ki, dövlət başçısı İlham Əliyev, ölkənin birinci xanımı Mehriban Əliyeva bu insanların da taleyinə biganə qalmasınlar. Ömürlük həbs ağır cəzadır, bu cəzanı dünya praktikasına uyğun olaraq müddətli cəza, 15-20 illik cəza ilə də əvəz etmək, başqa tədbirlər də görmək olardı. Bu insanları həbsdən azad edib, Qarabağ cəbhəsinə də göndərmək olardı. Onlar vətən uğrunda şəhid olmağa hazırdılar”. Sonda tədbir iştirakçıları adından Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevaya müraciət qəbul edilib. Müraciətdə ömürlük həbs cəzası çəkən 128 məhkumdan yalnız 70 nəfərinin sağ qaldığı, hazırda sağ qalanların bir qisminin yaşının 70-i ötdüyü bildirilir və qeyd olunur ki, onların çoxu ağır xəstədir və 20 ildən çoxdur ki, məhbəsdədirlər. Müraciətdə bu məhkumların da mərhəmətə ehtiyacı olduqları bildirilir: “Onların bəzilərinə haqsız olaraq həddindən artıq çox cəza verilib. Biz istəyirik ki, Sizin mərhəmətli nəzəriniz başqaları kimi onların da üzərində olsun”.

 

Gülnaz Qənbərli