“AKP-nin irəli sürdüyü Konstitusiya layihəsinin daha çox səs toplayacağını düşünürəm” - QABİL HÜSEYNLİ

  • By admin
  • 16 Aprel 2017 09:10

qabil_hseynli

Türkiyə əhalisi möhkəm əl üçün darıxıb və bu əli də yəqin ki, alacaq.

Gununsesi.info xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında Türkiyədə bu gün keçirilən ümumxalq səsverməsini dəyərləndirən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq referendumda AKP-nin qələbə qazanacağını düşünür:

“Türkiyədəki əhval-ruhiyyədən belə görünür ki, əhali Konstitusiyanın yeni layihəsinə səs vermək fikrindədir. Bu Konstitusiyanın idarəetmə sistemini bütünlüklə dəyişdirməsinə baxmayaraq, əhali yeni layihənin Türkiyəyə xeyir gətirəcəyi qənaətindədir və ona görə də aparılan rəy sorğularında “hə” deyəcəklər. Bu nöqteyi-nəzərədən AKP-nin irəli sürdüyü Konstitusiya layihəsinin daha çox səs toplayacağını düşünürəm. Doğrudur, CHP, HDP bu layihənin əleyhinədir və xalqı səs verməyəyə çağırır. Bu fonda referendumun gərgin keçəcəyini söyləmək olar. Ancaq hər halda möhkəm hakimiyyət ideyası xalq tərəfindən daha çox dəstəklənir və hakimiyyətin bir əldə cəmləşməsi məsələsi, yəni qeyri-məhdud səlahiyyətlərə malik olan prezident hakimiyyətinin tətbiqi real görünür. Bu isə o anlama gəlir ki, Türkiyə əhalisi möhkəm əl üçün darıxıb və bu əli də yəqin ki, alacaq”.

Qeyd edək ki, bu gün Türkiyədə Konstitusiya dəyişikliyi ilə bağlı referendum keçirilir. Səsvermədə 51 milyon seçicinin iştirak edəcəyi gözlənilir.

Referendumdan “hə” qərarı çıxarsa, Türkiyə parlament respublikasından prezident respublikasına çevriləcək. Dəyişiklikliyə əsasən baş nazirin rolu azaldılacaq. Prezident yeni nazirlərin təyini, büdcənin hazırlanması, baş hakimlərin əksəriyyətinin seçilməsi və sərəncam ilə müəyyən qanunların qəbuluna qərar verəcək.

Yalnız prezident fövqəladə vəziyyət elan etmək iqtidarında olacaq.

Millət vəkillərinin sayı 550-dən 600-ə qaldırılacaq.

Müxalif Milliyətçi Hərəkat Partiyası (MHP) Ədalət və İnkişaf Partiyasını (AKP) dəstəkləsə də, Cümhuriyyət Xalq Partiyası (CHP) və kürd yönümlü Xalqların Demokratik Partiyası (HDP) referenduma qarşıdır.

Gununsesi.info