“Aktyora qonarar ödəməyin dərdindən onların çoxunu seriallara küçədən tutub gətirirlər…” – Xeyrəddin Qoca onları tənqid etdi

  • By admin
  • 14 Yanvar 2021 16:17
Nasir Xeyrəddin Qoca teleseriallarımızla bağlı sosial şəbəkə hesabında tənqidi fikirlər səsləndirib.
“Azərbaycan seriallarında üzü tüklülər, həyasız qadınlar, tapança, sillə-təpik, qışqırıq, vay-şüvən, ölüb-öldürmə, yekəbaş danışıqlar baş alıb gedir”.
Gununsesi.info bildirir ki, Moderator.az-ın əməkdaşı X.Qocayla əlaqə saxlayıb və soruşub ki, bu cür tənqidi fikirlərinə görə o, “üzü tüklülər”dən, həyasız qadınlar”dan çəkinmirmi? Sualımızı cavablandıran nasir heç kimdən çəkinmədiyini bildirib:
“Mən o saqqalılar haqqında hər dəfə sosial şəbəkədə tənqidi statuslar yazıram və oxucularım tərəfindən minlərlə müsbət rəy alıram. Saqqal heç kimə lazım deyil, həkimlərin fikirlərinə görə it tükündən murdardır! İnanın ki, seriallarımıza baxa bilmirəm, televizoru açan kimi görürəm ki, biri o birinə sillə vurur, qışqırırlar, guya bunlar qoçudurlar, silahla “razborka” aparırlar. Bir sözlə, seriallara beş dəqiqə baxa bilmirəm. Belə şeyləri gördüyüm üçün kanalı dəyişirəm.
Aktyora qonarar ödəməyin dərdindən bu adamların çoxunu seriallara küçədən tutub gətirirlər. Hələ bu adamların çoxu pul təklif edir ki, onları filmlərə çəksinlər. Amma bütün bunları onlara sübut etməkmi olar? Seriallara çox vaxt tanınmış aktyorlarımız çəkilmək istəmirlər. Ona görə ki, senarilər eybəcərdir. Tamaşadan, teatrdan, səhnədən xəbərləri olmayan adamlar tərəfindən yazılır. Bir sözlə, dəhşətdir, biabırçılıqdı”.
Gununsesi.info