Tikinti sektorunda vətəndaşların aldadılması faktı artıq Azərbaycanda adi bir hala çevrilib.
Azərbaycanda tikinti sektorunda vətəndaşalrın aldadılmasını və baş alıb gedən qanunsuzluqları bir neçə qrupa bölmək olar. Birincisi, tikinti şirkəti vətəndaşdan pulu alır, bir müddətdən sonra qaçır, ikincisi evi tikir, onun verdiyi pula uyğun mənzil sahəsi ilə təmin etmir, üçüncüsü bir evi bir neçə nəfəər satır, dördünsücü təmirli adı ilə pul alır, təmirsiz və yarımçıq mənzil təklif edir. Bu siyahını bir az da genişləndirmək olar.
Vətəndaşların aldadılması ilə bağlı növbəti belə bir fakt “İnvest A” MMC-də baş verib. Belə ki, tikinti şirkəti vətəndaşdan nə ona əvvəlcədən aldığı pula uyğun mənzil, nə də sənəd verib.
Bu barədə Gununsesi.info-ya “İnvestA” MMC-dən mənzil alan bir qrup vətəndaşın müracitədində deyilir.
Redaksiyaya daxil olan müraciətlə bağlı olaraq adıçəkilən tikinti şirkətinin “qurban”ına çevrilən Məhərrəm Şahmuradovla əlaqə saxladıq.
M.Şahmuradov Gununsesi.info-ya bildirib ki, 2013-cü ildə “İnvestA” MMC tərəfindən fərdi evlərin ipoteka yolu ilə tikilməsi barədə xəbər tutduqdan sonra həmin şirkətin Masazır qəsəbəsində inşa etməyə başladığı yaşayış kompleksində ev almaq barədə şirkətin rəhbəri ilə razılığa gəlib.
“Şirkətin rəhbəri bu tikintinin maliyyələşdirilməsinin “Bank Respublika” ASC tərəfindən həyata keçirildiyini, bu səbəbdən də, həmin bankla kredit müqaviləsi bağlanmalı olduğunu bildirdi. Mənim kimi digər bir neçə nəfər də həmin kompleksdə ev almaq niyyəti ilə “İnvestA” MMC ilə razılığa gəlmişdilər. Həmin şəxslərə də eyni şərtlərlə, yəni, kreditin “Bank Respublika” ASC-dən alınması şərti qoyulmuşdu.
“Bank Respublika” ASC –də kredit müqaviləsini imzaladıqdan sonra pul vəsaitlərini birbaşa “İnvestA” MMC-nin nümayəndəsi götürdü. Bundan sonra evlərin tikilməsi üçün müvafiq icazələr, sərəncamlar, kommunal xətlərin çəkilməsi üçün texniki şərtlər də məhz “İnvestA” MMC-nin adına alınıb”- deyə, M.Şahmuradov deyib.
M.Şahmuradov deyib ki, “İnvestA” MMC rəhbəri Quliyev Namiq Saday oğludur, onun digər qardaşı Elçin isə bir müddət öncəyədək “Bank Respublika” ASC-nin vitse-prezidenti olub:
“Şirkət Masazırda Duzlu gölün üstündə 250-dək villa tikib. Tikinti işləri mühəndis- texniki qaydalara uyğun aparılmayıb. Tikinti işləri düzgün aparılmadığından, tikilən evlər indidən uçmağa başlayıb. Evlərdə çat əmələ gəlib”.
O, əlavə edib ki, evə köçdükdən sonra inşa edilmiş evlərin sahələri razılaşdırılmış sahələrdən az və digər bir sıra digər qüsurların olması ortaya çıxıb.
“Evlər isə keyfiyyətsiz tikildiyindən divarlarında çatlar əmələ gəlib, kanalizasiya xətti küçəyə buraxılır. Burada digər məqam da ondan ibarətdir ki, şirkət tərəfindən fərdi evə dair heç bir hüquqverici sənəd də verilməyib. Hazırda “İnvestA” MMC özünü məsuliyyət yaradan əməllərdən süni surətdə kənarlaşdırmaq üçün guya, həmin evlərin tikintisinə aidiyyatı olmaması görüntüsü yaratmağa cəhd edir. Yəni, kommunal xidmətlərin göstərilməsi üçün başqa bir şirkətlə müqavilə imzalayıb, xidmət göstərilməsi ilə bağlı münasibətlərin də həmin şirkətlə olduğunu və özünün heç bir məsuliyyət daşımadığını iddia edir”- deyə, o, bildirib.
Onun sözlərinə görə, “Bank Respublika” ASC isə kredit müqaviləsinə istinad edərək, şişirdilmiş faizlərlə ödənişlər tələb edir və “İnvestA” MMC-nin bu məsələyə heç bir aidiyyatının olmadığını bildirir:
“Bankın hərəkətlərindən belə çıxır ki, guya, külli miqdarda çoxsaylı kreditləri yalnız fərdi ev tikdirmək istəyən şəxslərin sadəcə, müraciətinə əsasən, heç bir real girov təqdim edilmədən verib. Bank “İnvestA” MMC-nin vəzifəli şəxsləri ilə əlbir olub , şirkət rəhbərliyini məsuliyyətdən yayındırmaq məqsədi güdür. Bütün bunlarla yanaşı, digər faktlar da onu deməyə əsas verir ki, “Bank Respublika” ASC-nin və “İnvestA” MMC əlbir olaraq, vətəndaşların etibarından sui-istifadə edərək, cinayat əməli törədiblər”.
M. Şahmuradov bildirib ki, yaranmış problemlə bağlı ölkə başçısına, Respublika Baş Prokurorluğuna, Milli Məclisin sədri Oqtay Əsədova müraciət edilsə də, müraciətlər cavabsız qalıb.
Məsələ ilə bağlı Abşeron rayon prokurorluğuna da müraciət edilib.
Müraciəti “İnvestA” MMC-dən fərdi ev alan beş vətəndaş -Abbasov Zaur Ədalət oğlu, Əbilov Pərviz Ağamoğlan oğlu, İbadova Qumru Arzu qızı, Sədiqov Elmar Əhliman oğlu, Şahmuradov Suleyman Heydər oğlu imzalayıb.
Bu şəxslər “İnvestA” MMC şirkəti tərəfindən aldadıqları üçün şirkətin məsuliyyətə cəlb olunmasını tələb edirlər.
Mürtəza
Gununsesi.info