“Blogger Aleksandr Lapşin Belarus Prokurorluğu tərəfindən iki ay müddətinə saxlanılıb. Hazırda iki ölkənin hüquq-mühafizə orqanları arasında məsələylə bağlı danışıqlar aparılır “.
Gununsesi.info xəbər verir ki, bunu Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç bu gün keçirdiyi mətbuat konfransında deyib.
Mətbuat konfransında Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç keçirdiyi mətbuat konfransında bloqqer Aleksandr Lapşinin Azərbaycanın müraciəti əsasında ölkəsində saxlanması və ekstradisiyasına dair danışıqların getməsi ilə bağlı məsələyə münasibət bildirib.
Onun sözlərinə görə, müraciət qanuni cəhətdən əsaslı olduğu halda A. Lapşinin Azərbaycana təhvil verilməsi istisna deyil:
“Bu və ya digər şəxsin ekstradisiyası üçün sorğunun hüquqi əsası olduğu təqdirdə qanun pozucusunun qarşı tərəfə verilməsində heç bir problem yoxdur”.
Diplomat əlavə edib ki, amma onun Azərbaycana ekstradisiyası ilə bağlı sorğunun olub-olmamasından əmin deyiləm. “Səfirlik vasitəsilə belə bir sorğu verilməyib. Əgər müraciət qanunidirsə, insan açıq-aşkar qanun pozuntusuna yol verib və onun günahı sübut olunubsa, o zaman Belarus tərəfi müraciət edənin istəyinə müsbət reaksiya verir” – deyə, səfir vurğulayıb.
G. Axramoviç diplomatik təcrübəsində bir neçə dəfə belə halla üzləşdiyini də söyləyib.
Qeyd edək ki, Azərbaycan Baş Prokurorluğunun məlumatında ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan Aleksandr Lapşin Ermənistan Silahlı qüvvələri tərəfındən Azərbaycanın işğal olunmuş ərazilərində yaşayan digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında”, “Pasportlar haqqında” qanunların tələblərini kobud surətdə pozmaqla Azərbaycanın mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda keçərək 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında işğal olunmuş ərazilərə daxil olub, qanunsuz rejimin beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə internet sosial şəbəkəsində özünə məxsus “http//puerrtto.livejournal. com” səhifəsində səyahət etdiyi dövlətlər arasında Azərbaycan və Ermənistanla yanaşı, Dağlıq Qarabağı da müstəqil dövlət kimi qeyd etməklə, həmçinin 6 aprel və 29 iyun 2016-cı il tarixli müraciətlərində işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərən rejimin “müstəqilliyini” dəstəkləməklə, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edib.
A. Lapşinin hərəkətlərində dövlət əleyhinə yönələn açıq çağırışlar və dövlət sərhədini qanunsuz olaraq keçmə əməllərinin tərkib əlamətləri olduğundan Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb və barəsində dövlətlərarası axtarış elan edilib.
Belarus Respublikası hüquq mühafizə orqanlarının həyata keçirdikləri tədbirlər nəticəsində A.Lapşin saxlanılıb.
Hazırda A.Lapşinin Azərbaycan Respublikasına ekstradisiya olunması ilə əlaqədar zəruri tədbirlər aparılır.
Xatlırladaq ki, bundan əvvəl Azərbaycanın Xarici İşlər Nazirliyi Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri ilə əlaqədar A.Lapşinin adını arzuolunmaz şəxslər siyahısına daxil edib.
Mürtəza
Gununsesi.info