Ali Məhkəmə həbsdəki icra başçısının hökmünü dəyişdi

Yevlaxın həbsdə olan keçmiş icra başçısı Qoca Səmədov haqqında hökm dəyişdirilib. İyunun 8-də Ali Məhkəmədə qərar çıxarılıb ki, ona qarşı vəzifə saxtakarlığı ittihamına xitam verilsin və cəzası 3 ay azaldılsın. Beləliklə, sabiq icra başçısının üzərindəki 6 il azadlıqdan məhrumetmə cəzası 5 il 9 aya endirilib.

Külli miqdarda mənimsəmə, rüşvətalma, vəzifə səlahiyyətlərindən sui-istifadə kimi əməllərdə suçlanan Qoca Səmədovun özünə və yaxınlarına məxsus xeyli ev, torpaq sahəsi, obyekt məhkəmə hökmüylə müsadirə olunub. Həmin əmlaklar arasında Bakıda hər birinin 377 min və 220 min manat dəyəri olan iki mənzil, Yevlax şəhərində 63 min 700 manat və 57 min 400 manatlıq iki obyekt, Yevlaxın Qoyunbinəsi, Havarlı, Salahlı kəndlərində, Goranboy rayonunda torpaq sahələri, obyektlər, uşaq bağçası da var.

Xatırlatma

62-yaşlı Qoca Səmədov 2011-2019-cu illərdə Yevlax rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. Daha öncə 5 il icra başçısının müavini və birinci müavini olub.

2019-cu ilin dekabrında DTX əməkdaşlarının əməliyyatı nəticəsində həbs olunan Səmədov əməkhaqqı kimi ayrılan vəsaitləri ələ keçirməkdə suçlanır. İddia olunur ki, müxtəlif dövlət orqanlarına işçi kimi rəsmiləşdirilmiş 133 nəfər üçün açılan maaş kartlarından çıxarılan 236 min manat vəsaiti sabiq icra başçısı mənimsəyib. Səmədov 2017-2019-cu illərdə Yevlaxda abadlıq işləri üçün büdcədən ayrılan və müxtəlif şirkətlərin hesablarına köçürülmüş vəsaitlər nağdlaşdırılandan sonra onun 616 min manatını geri alıb mənimsəməkdə də suçlanır.

Səmədov və ondan sonra həbs olunan Ağstafa, Neftçala, Biləsuvar, İmişli, Kürdəmir, Cəlilabad və Şəmkir rayonlarının icra başçılarına qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə, külli miqdarda rüşvətalma, mənimsəmə kimi ittihamlar irəli sürülüb.

Gununsesi.info