Ali Məhkəmə investorları ölkədən necə qaçırır? - “Socar-AQŞ” MMC borcunu niyə ödəmir?

  • By admin
  • 25 Oktyabr 2022 12:28

 

“Bəxtiyar” filmində Gülzar xalanın “Vallah, heç başa düşə bilmirəm ki, niyə bizim klubumuz camaatın xoşuna gəlmir. Biz nə eləyə bilərik, Ağabala?!” sözləri filmin özü qədər məşhurdur.

HTML tutorial

Ağabalanın “Heç utanırsınız?” cavabı da!

Eynilə Azərbaycan da investorlar və sahibkarların xoşuna gəlmir! Niyə? Buna görə kim utanmalıdır? Məhkəmə-hüquq sistemi! Özü də aşağıdan tam yuxarıyadək!

Heç Ali Məhkəmənin qərarlarının da dəyəri yoxdur. Söz açağımız işin hallarını biləndən sonra buna hamı əmin olacaq.

Deməli, Rusiya vətəndaşı olan soydaşımız Mətləb İsmayılovun Azərbaycandakı iki şirkəti (“Ulduz” firması və “Baker Energy Services” QSC) “Socar-AQŞ” MMC ilə bir neçə müqavilə bağlayıb. “Socar-AQŞ” MMC-nin Dövlət Neft Şirkətinə heç bir aidiyyəti olmasa da, adından sui-istifadə edərək dövlət qurumlarına, o cümlədən məhkəmələrə də təzyiq edir. Belə ki, Mətləb İsmayılovun da şirkətlərinə 5,4 mln. manat borcunu ödəməkdən yayınaraq əl atmadığı üsul qalmayıb. Buna baxmayaraq bir neçə il çəkən məhkəmə çəkişmələrindən sonra Ali Məhkəmənin 2022-ci ilin əvvəlində qüvvəyə minmiş qərarı əsasında “Socar-AQŞ” MMC sözügedən borcu ödəməli idi. Lakin Azərbaycanda qüvvəyə minmiş məhkəmə qərarı hələ heç nə demək deyil!

Düzdür, əvvəlcə, icra məmurları vəzifələrini icra etməyə başlayıb. Hətta borclunun 10-dan artıq bankda hesabına həbs də qoyublar. Lakin bir müddət sonra həbsi də götürüblər, üstəlik borcluya ödəniş üçün möhlət də veriblər. “Əsas” da Ali Məhkəmənin Plenumunun işə qoşulması olub. Belə ki, “Socar-AQŞ” MMC guya yeni açılmış hallar əsasında qüvvəyə minmiş məhkəmə aktlarına yenidən baxılması üçün Ali Məhkəmənin Plenumuna müraciət edib. Guya hələ il yarım bundan əvvəl işdən çıxarılmış “Socar-AQŞ” MMC-nin keçmiş direktorunun seyfindən Mətləb İsmayılovun şirkətlərinin möhürləri aşkarlanıb. Bu da guya o deməkdir ki, keçmiş direktor həmin şirkətlərlə sövdələşib.

Məsələnin absurdluğu və gülünc olması qeyri-hüquqşünasa da aydındır. Möhürlər niyə məhz indi tapılıb? Şirkətlərin öz möhürləri ola-ola kiminsə analoji möhür qayıtdırmasında məhz şirkətlər zərərçəkən deyilmi? Məgər “Socar-AQŞ” MMC-nin özü bu möhürləri saxtalaşdıra bilməzdimi? Axı son nəticədə bu möhürlərin “tapılması” məhz onun işinə yaradı! Çünki Ali Məhkəmənin Plenumu bu nağılı yeni açılmış hal kimi dəyərləndirərək onun ərizəsini icraata qəbul edib. Halbuki, yeni açılmış halın “Socar-AQŞ” MMC-nin şahidliyindən başqa təsdiqi yoxdur! Belə çıxır ki, bundan sonra məhkəmə prosesini uduzan hər kəs nağıl uydurub işə yenidən baxılmasını tələb edə bilər!

Bununla belə, Ali Məhkəmənin Plenumu iş üzrə qərar qəbul edə bilməyib. Belə ki, onun 8 iyul tarixli iclasında məlum olub ki, Ali Məhkəmənin sədri və kollegiya sədrindən başqa heç kəsin bu işdən xəbəri belə yoxdur. Halbuki, qanunla işin Plenuma çıxması üçün 5 hakimin ilkin baxışı tələb olunur. İclasda əməlli başlı qalmaqal yaşanıb. Nəticədə sədr Plenum tarixində misli görünməyən qərar verib: avqustun sonunda təkrar baxış olacaq. Niyə?

Bu dəfə Ağabalanın ikinci xalası Zəhranın sözləri yada düşür: “Niyə baxacaqlar yox, nəyə baxacaqlar”. Xatırladırıq ki, Plenumda yazılı icraat qaydasıdır. Yəni bütün lazımi sənədlər əvvəlcədən təqdim olunub. Yeni heç nə ola bilməz. Yoxsa ola bilər? Yəni möhür kimi nəsə başqa şey də qayıtdırıb təqdim edəcəklər? Görəsən nə? Fantaziyamız bunu təsəvvür etməyə imkan vermir. Və biz yalqız deyilik: onlar da hələlik bir şey icad edə bilməyiblər. Çünki Plenumun növbəti 30 sentyabr iclasında məsələyə baxılmayıb, qərar qəbul edilməyib. Artıq bütün mümkün müddətlər də ötürülübdür! Buna baxmayaraq, Ali Məhkəmənin rəhbərliyi vaxt tapıb iş barədə prokurorluğa da müraciət edib. Bununla da faktiki olaraq işin ən azı kal olmasını etiraf edib.

Belə zənn etmək olardı ki, iş ümumiyyətlə Plenumun icraatından çıxarılıb və ərizə rədd edilib. Heç kəsin bu zənnə qapılmaması üçün Ali Məhkəmənin aparatı 3 oktyabr tarixində icra məmurlarına qeyri-müəyyən məzmunlu məktub göndərmişdir. Həmin məktubu dərc edirik. Tam cəfəngiyatdır! Heç nə başa düşmək mümkün deyil! Mənasını izah edə bilən ilin ən yaxşı tapmaca açması elan olunacaq.

Məktubdan heç nə aydın olmasa da icra məmurları məhz onun əsasında iş üzrə icra icraatını dayandırmışlar. Əlbəttə, icra məmurları da sözügedən məktubdan heç nə başa düşməyib. Görünən odur ki, onlara icranı dayandırmaq haqda şifahi göstəriş gəlib. Yazılı göstəriş sadəcə gələ bilməzdi. Çünki Ali Məhkəmənin Plenumuna qüvvəyə minmiş məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair ərizənin verilməsi icra sənədi üzrə icraatın dayandırılmasına əsas deyil. Ali Məhkəmənin aparatının məktubunda da bu qeyd edilməyib. Buna baxmayaraq, icra məmurları Konstitusiya Məhkəməsinin də səlahiyyətlərini mənimsəyərək həm Qanuna, həm də Ali Məhkəmə aparatının məktubuna şərh veribdir. İcra məmurunun bu özbaşınalığından məhkəməyə artıq şikayət edilibdir. İndi görək burada hansı nağılla üzləşəcəyik!

Hər bir halda nəticədə pat vəziyyət yaranıb. Qanuni qüvvəyə minmiş məhkəmə aktı var, amma icra olunmur. İcra məmurları bunu işə Ali Məhkəmənin Plenumunda yenidən baxılması ilə əsaslandırır. Halbuki, qanunda icra hərəkətlərinin dayandırılması üçün belə əsas yoxdur. Ali Məhkəmə söz yığını olan məktub yazıb, amma orada da icra məmurlarından belə şey tələb etməyib. Nəhayət, Ali Məhkəmənin Plenumu işə heç baxmır da. Nə “hə” deyir, nə də “yox”. Hər şey havadan asılı vəziyyətdə qalıb. Bu minvalla 100 il də keçə bilər.

Beləliklə, Ali Məhkəmə qüvvəyə minmiş məhkəmə aktlarınının icrasından yayınmaq üçün presedent yaratdı. Presedentə yəqin ki, yekunda iki addan biri veriləcək: “Möhür nağılı” və ya “Cəfəng məktub”.

Hər bir halda belə presedenti olan ölkəyə kim və hansı ağılla pul yatızdırsın axı?..

Elmar Elnuroğlu

Gununsesi.info