Ötən gün ali və orta məktəblərin, bağçaların idarə edilməsi qaydaları dəyişdirildi. “Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”ndə edilən dəyişikliyə əsasən, ali təhsil müəssisələrinin strukturunun təsdiq edilməsi, inkişaf istiqamətlərinin müəyyən edilməsi, illik maliyyə hesabatlarının təsdiq edilməsi, təsərrüfat cəmiyyətlərinin yaradılmasına və ya onlarda iştirak etməyə, idarə və nümayəndəliklərinin yaradılmasına razılıq verilməsi, xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri publik hüquqi şəxsin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanmasına razılıq verilməsi üzrə səlahiyyətlərini tabeliyində dövlət ali təhsil müəssisələri yaradılan icra hakimiyyəti orqanları həyata keçirəcəklər.
“Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə edilən dəyişikliyə əsasən bələdiyyə və özəl ümumtəhsil məktəbinin nizamnaməsi təhsil müəssisəsinin təsisçisi, dövlət ümumtəhsil məktəbinin nizamnaməsi tabeliyində olduğu mərkəzi və ya yerli icra hakimiyyəti orqanı ( Nazirlər Kabinetinin təsdiq etdiyi nizamnamələr istisna olmaqla) tərəfindən təsdiq ediləcək. İndiyə qədər ümumtəhsil məktəbinin nizamnaməsi təhsil müəssisəsinin təsisçisi (Azərbaycan prezidentinin və Nazirlər Kabinetinin təsdiq etdiyi nizamnamələr istisna olmaqla) tərəfindən təsdiq edilib.
“Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsində edilən dəyişikliyə əsasən dövlət məktəbəqədər təhsil müəssisəsinin nizamnaməsi tabeliyində olduğu mərkəzi və ya yerli icra hakimiyyəti orqanı tərəfindən təsdiq ediləcək. Dövlət məktəbəqədər təhsil müəssisəsinin nizamnaməsində edilən dəyişikliklər təhsil müəssisəsinin pedaqoji şurası tərəfindən qəbul olunacaq və tabeliyində olduğu mərkəzi və ya yerli icra hakimiyyəti orqanı tərəfindən təsdiq ediləcək. İndiyə qədər dövlət məktəbəqədər təhsil müəssisəsinin nizamnaməsində edilən dəyişikliklər təhsil müəssisəsinin pedaqoji şurası tərəfindən qəbul olunub və təsisçi tərəfindən təsdiq edilib.