

Azərbaycanda sahibkarlar dövlət başçısının sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı verdiyi sərəncamlardan sui-istifadə edirlər.
Bunu Gununsesi.info-ya açıqlamasında Vətəndaşların Əmək Hüquqları Liqasınn sədri Sahib Məmmədov deyib.
Onun sözlərinə görə, ölkə başçısı tərəfindən sahibkarlığın inkişaf etdirilməsi və onların fəaliyyətinə normal şərait yaradılması istiqamətində müsbət jestlər olsa da, iş adamları prezidentin bu istiqamətdə atdığı addımlardan sui-istifadə edirlər. “Sahibkarlar, işəgötürənlər bu şəraitdən ancaq öz şəxsi mənfəətləri üçün yararlanır və ciddi qanunsuzluğa yol verirlər. Əgər bu sərəncamlardan öncə aidiyyatı qurumlar tərəfindən pis-yaxşı nəzarət var idi və sahibkarlar, işəgötürənlərdə bundan ehtiyat edib fəaliyyət göstərirdisə, ölkə başçısının bu sərəncamından sonra sanki bu onların qanunsuz fəaliyyəti üçün geniş imkanlar açmış kimi görünür. Belə demək mümkünsə, iki il yoxlamanın dayandırlması bəzi işbazların xeyrinə işləyir və onlar bundan yararlanırlar. Qanunları pozur və ya keyfiyyətli xidmət göstərmirlər”- deyə, S.Məmmədov vurğulayıb.
S.Məmmədov deyib ki, ölkə başçısının təkcə iş adamlarının iki il müddətdə yoxlamalardan azad edilməsi ilə bağlı deyil, eyni zamanda, idxal-ixrac əməliyyatı, gömrük sistemindəki islahatlar və bir sıra səlahiyyətlərin “ASAN Xidmət”-ə verilməsi kimi sərəncamları da müsbət addımlardır. “Ölkə başçısı tərəfindən sahibkarlığın inkişafı ilə bağlı belə qərarlar verilsə də, hələ də, bir sıra mənfi tendensiyalar hiss olunmaqdadır. Belə ki, verilən sərəncamlar və qərarlar tam gücü ilə işləmir. Bu isə özünü sahibkarlıq fəaliyyətində büruzə vermir. Məsələn idxal-ixracla bağlı yeni qaydalar tətbiq olunsa da, hələ də yeni iş adamları bazara girməkdən və rəqabətə tab gətirib və gətirə bilməyəcəklərindən ehtiyat edirlər”- deyə, o, bildirib.
S.Məmmədov sahibkarlığın inkişaf etdirilməsi sahəsində bir sıra problemləri elə sahibkarların özündə görür: “Elə məsələlər var ki, onlar ancaq sahibkarların özündən asılıdır. Onlar sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı atılan addımların müvəqqəti xarakter daşıyacağından ehtiyat edib bazara girmək istəmirlər. Belə demək mümkünsə, gözləmə mövqeyi tuturlar. Əgər onlar bu proseslərin davamlı olacağına əmin olsalar, o zaman sahibkarlıq fəaliyyətində ciddi dönüşün şahidi ola bilərik. Sahibkarlığın inkişaf etməməsinin digər səbəblərindən biri də, neftin qiymətinin düşməsindən sonra alıcılıq qabliyyətinin azalmasıdır. Bu istər- istəməz iş adamlarının fəaliyyətinə mənfi təsir edir. İndi sahibkarlıq fəaliyyətinə təsir edən əsas amillərdən biri də, ölkədə alıclıq qabliyyətinin azlamasıdır. Bu ciddi məsələdir. Dünyadakı qlobal iqtisadi proseslər də, sahibkarlıq fəaliyyətinə mane olan amillərdən biridir. Biz də dünyanın bir parçası olaraq, qlobal iqtisadi böhran ölkədəki sahibkarlığın inkişafına öz mənfi və neqativ təsirlərini göstərir. Ona görə də sahibkarlıq fəaliyyətində inqilabı dəyişikliklər və inkişaf hiss olunmur”.
Mürtəza
Gununsesi.info