Alim Zaur Əliyev: “Yaşada bilmirsənsə, getməlisən”

  • Müəllif: Firuzə
  • 30 İyul 2026 19:16

Bakı Qızlar Universitetinin fəaliyyətinin dayandırılması ilə bağlı qərara münasibət bildirən alim Zaur Əliyev bu addımın universitetdə çalışan müəllim və texniki heyətin gələcəyi ilə bağlı ciddi suallar yaratdığını deyib.

Gununsesi.info-nun xəbərinə görə, Zaur Əliyev bildirib ki, tələbələrin digər ali təhsil müəssisələrinə köçürülməsi mümkün olsa da, universitetin əməkdaşlarının taleyi diqqətdən kənarda qalmamalıdır.

Onun sözlərinə görə, uzun illər eyni kollektivdə çalışan insanların işsiz qalması həm sosial, həm də psixoloji baxımdan ağır nəticələr doğura bilər.

Alim qeyd edib ki, hazırkı dövrdə ali məktəblərdə müəllim vakansiyalarının azaldığı şəraitdə Bakı Qızlar Universitetində çalışan bütün müəllim və texniki heyətin işlə təmin olunması sual altındadır.

O vurğulayıb ki, bəzi müəllimlər digər ali təhsil müəssisələrində də fəaliyyət göstərsələr belə, aldıqları əməkhaqqı onların dolanışığını çətinliklə təmin edir.

Zaur Əliyev hesab edir ki, universitetin mövcud problemlərini aradan qaldırmaq üçün bağlanma yolu seçilməməli idi.

Onun fikrincə, Elm və Təhsil Nazirliyi peşəkar müəllim heyəti ilə birlikdə akkreditasiya və digər çatışmazlıqların həlli istiqamətində çalışa bilərdi.

“Bizdə çox zaman mövcud sistemi təkmilləşdirmək əvəzinə onu tamamilə ləğv etməyə üstünlük verilir. Halbuki hər bir problemin çıxış yolu var. Əgər rəsmi qurum peşəkar kadrlardan ibarətdirsə, sistemi düzəltməyi bacarmalıdır. Yaşatmaq lazımdır. Yaşada bilmirsənsə, getməlisən”, – deyə alim bildirib.

Elmar
Gununsesi.info