Alimləri “Şuşaya aparan” Əlvan Cəfərov danışdı: "Pullar qaytarılacaq"

  • By admin
  • 11 İyun 2022 09:21

Şuşada elmi konfrans adı ilə yüzlərlə alimi aldatdığı bildirilən “İKSAD Azərbaycan”ın baş koordinatoru Əlvan Cəfərov haqqında yayılan məlumatlara münasibət bildirib.

Gununsesi.info Teleqraf.com-a istinadla xəbər verir ki, o, İKSAD və AMEA-nın bir çox beynəlxalq konfranslar keçirdiyini xatrıladıb:

“Qarabağ konfransları da 3-cü idi. 20 may 2022-ci ildə alimlərin Şuşaya getməsinə icazə verilib. 6 iyunda AMEA-nın Rəyasət heyəti aidiyyəti qurumlara rəsmi şəkildə məktubla müraciət edərək konfrans iştirakçılarının Şuşaya ekskursiya etmək arzularını bildirib və razılıq alıb. Konfransa 1000-ə yaxın müraciət olunub, 646 müraciət qəbul edilib. Bu iştirakçılardan isə 470 nəfər alim-məruzəçi Şuşaya getmək arzusunu bildirib və müvafiq qeydiyyatdan keçiblər. Bunlardan bir neçə nəfəri Türkiyə və Naxçıvandan Bakı şəhərinə gəlmək üçün təyyarə biletlərini alıb, bəziləri artıq gəlib”.

Onun sözlərinə görə, iyun ayının 6-da Elmlər Akademiyası Rəyasət Heyətinə zəng edilərək bildirilib ki, 470 nəfər konfrans iştirakçısından cəmi 100 nəfərin Şuşaya getməsinə icazə verilir:

“Dedilər ki, 100 nəfər seçib siyahını bizə göndərin. Təşkilat komitəsi siyahını hazırlayıb mənə göndərib. Mən də 7 iyun gecə saat 21:00-da portala daxil edilməsi üçün müvafiq qurumlara vermişəm. Mənim bu seçimdə heç bir hüququm olmayıb, sadəcə texniki işləri etmişəm. Nəticə haqlı olaraq insanlarda narazılıq yaradıb. Burada heç bir aldatma olmayıb. Rəsmi yazışmalar, sənədlər hamısı durur. Konfransların rəsmi şəkildə, qanun çərçivəsində keçirilməsi də sənədlərdə öz əksini tapıb”.

Ə.Cəfərov səfərə gedə bilməyənlərin ödənişlərinin qaytarılmayacağı ilə bağlı məsələyə də aydınlıq gətirib:

“Səfərə gedə bilməyən hər kəsin ödənişi geri qaytarılır və bu, davamlı icra olunacaq. İnsanları səbrli olmağa çağırıram”.

Gununsesi.info