“Alışanovun Şamaxıya gətirdiyi qızın ölümündən sonra aramız pozulub” - MƏHKƏMƏ

  • By admin
  • 30 Mart 2018 15:00

AzTV-nin rəhbəri Arif Alışanovu, onun qızı Nigarı və bacısı oğlunu öldürməyə cəhddə günahlandırılan Şücayət Əkbərovun məhkəməsi martın 30-da davam edib.

Gununsesi.info xəbər verir ki, Şücayət Əkbərov zərərçəkmiş qismində tanınan Arif Alışanovun özünün məhkəməyə gəlməsini tələb edib. Bildirib ki, özü gəlməsə, onun nümayəndələrinin suallarına cavab verməyəcək.

Məhkəmə prosesində Alışanovların 3 vəkili olub. Şücayət Əkbərov onların üçünün də suallarını cavabsız qoyub.

“Mən Arif Alışanova qarşı sui-qəsd etməmişəm, silahlarım olmayıb. Bunların hamısı qondarmadır. Nə mütəşəkkil dəstə yaratmışıq, nə də başqa bir qanunsuz hərəkətlər etmişik. Alışanov gəlsin, mənimlə üzləşsin. Sözünü desin, mən də cavab verim”, – deyə Ş.Əkbərov məhkəmədə bildirib.

Təqsirləndirilən şəxs öz vəkillərinin isə suallarını cavablandırıb. Bildirib ki, hazırda onunla birlikdə məhkəmə qarşısına çıxarılanlardan Aqşin Hüseynov onun yanına fəhlə işləyib: “Aqşin mənim işçim olub, maaş alıb. Nə silah saxlamaq, nə adam öldürmək? Bunların hamısı quramadır. Mənimlə tutulan adamların da heç bir günahı yoxdur. Məni “Bondotdel” tutanda iki vəkil gətirmişdilər, biri alkaş idi, digəri də onlara işləyirdi. Təzyiqlərlə ifadələrə imza atdırıblar. Müsabi Namazovdan o ifadəni alıblar ki, guya silah almışıq, sui-qəsd hazırlamışıq. Əgər Alışanovu öldürmək istəsəydim, başqalarını neynirdim, elə onunla görüşdüyüm, dağlarda, dərələrdə öldürərdim, tikəsini də bu günə qədər tapan olmazdı…”

Şücayət Əkbərov Arif Alışanovun Şamaxıda 335 hektar torpaq aldığını bildirib. Onun sözlərinə görə, bunların hamısının siyahısı var: “Torpaqlar xanımının, qızının, dostu Hacının və digərlərinin adınadır. Onun heç bir əmlakı mənim adıma olmayıb. Mən Alışanovun sürücüsü Hacı Babayev deyiləm ki… Əmlakları Hacının adınadır. Alışanov ölsə, əmlaklar Hacıya qalacaqdı. Çünki bir çoxu onun adınadır”.

Şücayət Əkbərov AzTV sədri ilə münasibətlərinin pozulmasında AzTV rəhbərinin sürücüsü Hacı Babayevi günahlandırıb: “Alışanovun Şamaxıya birlikdə gəldiyi qızın ölümündən sonra münasibətlərimiz pozuldu”.

Xatırladaq ki, Şücayət Əkbərov ötən məhkəmə iclaslarının birində azTV rəhbərinin Şamaxıya gənc qızlarla gəldiyini, onlardan birinin elə orada öldürüldüyünü bildirmişdi.

Gülər

Gununsesi.info