Allahın səmada olduğunu düşünmək günahdır?

  • By arzu
  • 21 Noyabr 2020 15:49

Dinimizə görə, Allah məkansızdır. Allahın hər hansı məkanda olduğunu düşünmək Onu məkanla məhdudlaşdırmaq, cisim saymaq anlamına gəlir və bu, günah düşüncədir. Allah hər şeyi və hər yeri əhatə edir, amma konkret olaraq, heç bir məkana sığmır. Allahın yerdə ya göydə, səmanın neçənci qatında olduğunu düşünmək kökündən yanlışdır. İnsanların dua zamanı əllərini yuxarıya, səmaya doğru qaldırmasının iki səbəbi ola bilər. Birincisi, bu, instinktiv olaraq, uca, fövqəltəbii qüvvənin qarşısında öz acizliyini və təslimiyyətini göstərmək nişanəsidir. İnsan əllərini yuxarı qaldırmaqla Allahın ən qadir və ən güclü olduğunu etiraf edir, onun qarşısında acizliyini büruza gətirir. İkincisi, insan şüurunda qeyri-iradi olaraq ucalıq fiziki mənada yüksəkdə olmaqla assosiasiya olunur. İyerarxiya qanununa əsasən, yüksəkdə olan daha ali, qüdrətli sayılır, ondan aşağıda olanlar isə ona tabe tutulur. Beləcə, insan Allahın ucalığını, aliliyini və qeyri-məhdud qüdrət sahibi olmasını bu hərəkətlə ifadə etmiş olur.

Gununsesi.org