Allternativ cəzalar nə dərəcədə effektli ola bilər? - SƏADƏT BƏNƏNİYARLI DANIŞIR

  • By admin
  • 17 May 2018 16:20

Ədliyyə Nazirliyinin Probasiya Xidməti elektron monitorinq fəaliyyətini ictimaiyyətə təqdim edib. Probasiya xidmətinin rəisi Aqşin Ziyadov təqdimat mərasimində bildirib ki, alternativ cəzaların icrasında çağdaş informasiya-kommunikasiya texnologiyalarından istifadə məhkumlara elektron nəzarət sisteminin yaradılması və təkmilləşdirilməsində önəmli addımdır.

İctimai Nəzarət Komitəsinin üzvü, insan haqları müdafiəçisi Səadət Bənənyarlı Musavat.com-a açıqlamasında bildirib ki, alternativ cəzaların tətbiqindən gözləntilər böyükdür:“ Prezident İlham Əliyevin 2017-ci il fevralın 10-da imzaladığı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi, cəmiyyətin təcridetmə ilə bağlı olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” sərəncamı əsasında Ədliyyə Nazirliyində Probasiya Xidməti yaradılıb. Xidmət beynəlxalq fəaliyyəti öyrənəndən sonra məhkumların cəzalarını cəzaçəkmə müəssisələrindən kənar çəkmələri üçün tətbiq olunan “qolbaq üsulu”nun ölkədə tətbiqinə qərar verib. Bu üsula görə, məhkumun qoluna taxılan xüsusi cihaz onun harada olması ilə bağlı mərkəzə davamlı siqnal ötürür. Qolbaq məhkumun qoluna xüsusi cihazla taxılır və yalnız cəza müddəti başa çatdıqdan sonra çıxarılır. Qolbağı açmaq faktiki mümkün deyil, buna cəhd belə monitorlardakı xüsusi siqnalla görünür”.

Səadət Bənənyarlının sözlərinə görə, qolbaqların tətbiqi həm məhkumların saxlanması ilə bağlı xərcləri azaldır, həm ailənin yükünü yüngülləşdirir, ən əsası da yüngül cinayət törədənlərin psixoloji reabilitasiyasını asanlaşdırır:“Qolbaq taxılan məhkum evində qalır. Xüsusi proqram onun məhkəmə qərarına görə gedə biləcəyi ərazilərin trayektoriyasını müəyyən edir. Məhkumun hər addımı fasiləsiz izlənən monitorlarda gözləm altındadır. Bu, bir tərəfdən dövlətin xərclərini azaldır (bəllidir ki, məhkumların saxlanması büdcənin üzərindədir). İkincisi, cəzaçəkmə müəssisələrində sıxlıq yaranmasının qarşısını alır. Digər tərəfdən də ailələrin yükünü xeyli yüngülləşdirir. Məhkum ailələrinin hər dəfə görüşə getməsi ailə büdcəsinə heç də az vəsaitə başa gəlmir. Məsələnin bir də gələcəyə hesablanan tərəfləri var. Aydındır ki, cəzaçəkmə müəssisələrində mənəvi mühit hər zaman gərgindir. Ağır cinayət törədənlər, cəza aldığı üçün depressiv vəziyyətdə olanlar, cinayəti həyat tərzinə çevirənlər… hər cür məhkum var. Yüngül cinayət törədənlərin belə mühitdə saxlanması onların bir növ cinayət dünyası ilə təmaslarını artırır və faktlar da göstərir ki, cəsazəkmə müəssisələrində çıxanlar arasında təkrar cinayət törədənlərin heç də hamısı yalnız ilk cinayəti ağır olanlar deyil. Psixoloqların fikrincə, yeni cinayətə meyllilik haqqında həbs tədbiri seçilənlər arasında daha çoxdur. Ona görə də həbsə alternativ cəzaların tətbiqi gələcəkdə cinayətkarlığın qarşısının alınması baxımından da müsbət addımdır”.

“Alternativ cəzalar kimlərə tətbiq edilə bilər” sualına cavabında insan haqları müdafiəçisi bildirib ki, bu, məhkəmələrin əlahiddə səlahiyyətində olan məsələdir: “Azərbaycan qanunvericiliyində alternativ cəzalar çoxdur. Ancaq indiyə qədər hakimlər ən çox həbs tədbirləri seçirdilər. Baxmayaraq ki, Cinayət Məcəlləsi eyni cinayətə görə həbslə yanaşı, iri məbləğdə cərimələrə, islah işlərinə, ictimai əməyə cəlb etməyə və başqa cəza metodlarına imkan verir. “Qolbaq metodu”nun hansı məhkumlara aid ediləcəyinə də hakimlər qərar verəcək. Çünki bu metod Cinayət Məcəlləsinin konkret maddələrinə tətbiq edilməyəcək, hakimin uyğun gördüyü məhkumlara aid ediləcək. Ola bilər ki, bu konkret yüngül cəzalı şəxslərə tətbiq olunsun, bundan başqa, xəstə məhbuslara aid edilsin. Qərar birbaşa məhkəmələrə aiddir”.

Qolbaqlara gəlincə, Səadət Bənənyarlının sözlərinə görə, onlar Azərbaycanda istehsal olunur: “Elə ölkələr var, cəzaların humanistləşdirilməsi ilə bağlı qərarlar olsa da, tətbiqinə 5 ildir başlamaq mümkün olmur. Çünki buna müəyyən hazırlıq olmalıdır. Azərbaycan bir neçə ölkənin təcrübəsini öyrəndi, sonradan qolbaqların ölkədə istehsalı qərara alındı. Qolbaqlar xüsusi texnologiya hazırlanıb. Əsas hədəf odur ki, onlar məhkumun üzərində olanda onu narahat eləməsin. Çəki, ölçü, seçilən material bu məqsədə uyğunlaşdırılıb. Artıq 8 məhkum könüllü şəkildə bu metodu seçib. Ümid edirəm ki, alternativ cəzalar Azərbaycanda cinayətkarlığın aradan qaldırılması və cəzaların humanistləşdirilməsi baxımından ciddi mərhələ olacaq”.