Almaniyanin Bonn şəhərində fəaliyyət göstərən Alman-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri Ermənistan ordusunun növbəti təxribatı ilə bağlı Almaniya Bundestaqına müraciət ediblər.
Gununsesi.info-nun xəbərinə görə, müraciətdə bildirilib ki, Ermənistan silahlı qüvvələrinin Alxanlı kəndinə hücumu zamanı Sahibə Allahverdiyeva və onun iki yaşlı nəvəsi Zəhranın qətlə yetirilməsi, Sərvinaz Quliyevanın ağır yaralanması ilə nəticələnən bu hadisə Bonn şəhərindəki azərbaycanlıların narahatlığına səbəb olub.
“Dağlıq Qarabağ münaqişəsinin hələ də həllini tapmaması, xüsusilə də, münaqişə çərçivəsində ağır silahlarla mülki əhaliyə qarşı hücumlar edilməsi, beynəlxalq humanitar hüquqa və insani dəyərlərə ziddir. Ona görə də, dünya ictimaiyyəti 2 yaşlı günahsız körpənin və yaşlı qadının öldürülməsinə səssiz qalmamalıdır. Mülki əhaliyə qarşı hücumları qətiyyətlə pisləyir, hücum zaman həyatlarını itirənlərə Allahdan rəhmət, yaralılara şəfa diləyirik”,-deyə müraciətdə bildirilib.
Müraciətdə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın işğalçılıq siyasəti, 2016-cı il aprel ayında təcavüzkar dövlətin təmas xəttindəki təxribatları haqda məlumat verilib. Qeyd edilib ki, bu əməllərlə Ermənistan beynəlxalq hüququn norma və prinsiplərinə riayət etmədiyini bir daha sübut edir.
Müraciətdə, həmçinin Xocalı soyqırımına da toxunulub. “Xocalıya qədər azərbaycanlılar bizimlə sadəcə zarafat etdiklərini düşünürdülər. Azərbaycanlılar elə bilirdilər ki, ermənilər dinc əhaliyə əl qaldıra bilməyən insanlardır. Bütün bu düşüncələri dəyişmək lazım idi. Belə də oldu”,- Ermənistan prezidenti Serj Sarkisyanın 2000-ci ildə Qarabağ üzrə tanınmış britaniyalı ekspert Tomas de Valla verdiyi müsahibə zamanı işlətdiyi bu ifadələr Ermənistan hakimiyyətinin yürütdüyü işğalçı siyasətin bariz nümunəsidir. Bu siyasət bu gün də Sarkisyanın rəhbərliyi altında davam etdirilir”,- deyə bildirilib.
Gülnaz Qənbərli
Gununsesi.info