Yanvarın 8-dən ölkə boyu etiraz aksiyaları keçirən alman fermerlər hökumətlə danışıqlar aparmaq üçün etiraz aksiyalarına fasilə elan ediblər.
Gununsesi.info xəbər verir ki, bu barədə “Euractiv” məlumat yayıb.
Koalisiya partiyalarını təmsil edən parlament qrupları ilə görüşdən sonra fermerlər assosiasiyasının rəhbəri Yoahim Rukvid hökumətlə danışıqlar apardıqlarını və yanvarın 18-i axşam saatlarında qənaətbəxş nəticə əldə etmək istədiklərini bildirib.
Bundan əvvəl, yəqin ki, ən böyük aksiya Berlinin mərkəzində baş tutub. Brandeburq qapısında təxminən 30 min etirazçı və 5 min traktor iştirak edib.
Fermerlər hökumətin federal büdcədəki kəsri bağlamaq üçün bir sıra tədbirlər çərçivəsində ləğv etmək niyyətində olduğu vergi güzəştlərinin qorunmasını tələb edirlər. Fermerlərin qəzəbinə tuş gələn bəzi planlardan artıq imtina edilib və kənd təsərrüfatı texnikası üçün yanacaq güzəştlərinin ləğvinin mərhələli şəkildə həyata keçiriləcəyi vəd edilir. Etirazçılar bu güzəştləri qeyri-kafi hesab edirlər.
Maliyyə naziri Kristian Lindner Berlində keçirilən etiraz aksiyasında çıxış edərək hökumətin dizel yanacağı üçün vergi güzəşti məsələsində təslim ola bilməyəcəyini deyib. Nazir qeyd edib ki, çünki “hamı öz töhfəsini verməlidir” və fermerlər də Avropa büdcəsindən subsidiyalar alır. Amma o, bəzi bürokratik prosedurların sadələşdirilməsi kimi başqa məsələlərlə bağlı iclasa getməyi təklif edib.
Bununla belə, Yoahim Rukvid dizel vergisinin azaldılması məsələsinin onlar üçün əsas olduğunu bildirir.
Xatırladaq ki, irimiqyaslı etiraz aksiyaları Rumıniyanın daşıyıcıları və fermerləri tərəfindən də keçirilib.
Gununsesi.info