Almaniya 32 nəfər Azərbaycan vətəndaşını deportasiya edib

  • By admin
  • 01 Aprel 2021 20:36

Martın 31-də Almaniyadan Bakıya 32 nəfər Azərbaycan vətəndaşı gətirilib.

Bu barədə Azərbaycan Dövlət Miqrasiya Xidməti məlumat yayıb.

Məlumata görə, onlar “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Sazişə əsasən göndərilib.

Açıqlamaya görə, vətəndaşların ölkəyə qəbul koronavirusa qarşı mübarizə ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qaydalar çərçivəsində həyata keçirilib.

“31 nəfər Azərbaycan vətəndaşı ailələrinin müşayiəti ilə yaşayış yerlərinə yola salınıblar. Readmissiya olunan şəxslərdən biri qalmağa yeri olmadığından Dövlət Miqrasiya Xidmətinə müraciət edib. Şəxsin müraciəti müsbət həllini tapıb. O, Xidmətin Bakı şəhərindəki müvafiq saxlama mərkəzində müvəqqəti yerləşdirilib. Bu gün (aprelin 1-i) isə həmin şəxs yaxın qohumları tərəfindən yaşayış yeri ilə təmin olunub.”

“Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş 2014-cü il fevralın 28-də Brüsseldə imzalanıb.

Bundan əvvəl də Avropa ölkələrində icazəsiz yaşayan yüzlərlə Azərbaycan vətəndaşı öz ölkələrinə gətirilib.

Ötən il noyabrın 14-də 61 nəfər azərbaycanlı miqrant Almaniyadan Azərbaycana qaytarılıb.

Ekspertlər gələcəkdə bu ölkədən Azərbaycana daha çox miqrantın qaytarılacağını bildirir.

 

Gununsesi.info