Almaniya kansleri Putinin “rubl tələbi”ni RƏDD ETDİ

  • By admin
  • 25 Mart 2022 09:44

Almaniya kansleri Olaf Şolz Vladimir Putinin Rusiya qazı üçün ödənişlərin rublla tələbini rədd edərək, əksər razılaşmaların avro və ya dollarla ödənişi nəzərdə tutduğunu vurğulayıb.

Gununsesi.info “Politico”ya istinadla xəbər verir ki, bu barədə o, Brüsseldə keçirilən G7 sammitindən sonra jurnalistlərə bildirib.

“Biz bu məsələni araşdırdıq. İndi müəyyən etdik ki, ödənişlərin hansı valyutada aparıldığını göstərən sabit müqavilələr var. Orada isə əksər hallarda avro və ya dollar göstərilir”, – kansler qeyd edib.

O, həmçinin vurğulayıb ki, G7 sanksiyaları (Rusiya Federasiyasına qarşı – red.) lazım olan müddətə saxlamağa və onların effektivliyinə nəzarət etməyə razılaşıb:

“Lazım gəlsə, əlavə sanksiyalarla cavab verəcəyik”.

Polşanın PGNiG neft-qaz şirkəti dəRusiyaya qazın pulunu rublla ödəmək niyyətində olmadığını bildirib, çünki bu, “Qazprom”la mövcud müqavilədə nəzərdə tutulmayıb.

Putin martın 23-də deyib ki, Rusiya dost olmayan ölkələrdən, o cümlədən Aİ dövlətlərindən qazın pulunu rublla tələb edəcək. Bu addım Rusiya valyutasının ucuzlaşmasının qarşısını almaq və Qərbin sanksiyalarından yayınmaq cəhdi kimi qiymətləndirilib.

Gununsesi.info