Keçən il 962 Çin vətəndaşı sığınacaq üçün Almaniyaya müraciət edib.
Gununsesi.org-un “Welt am Sonntag” nəşrinə istinadən verdiyi məlumata görə, bu, 2018-ci illə müqayisədə 2 dəfə çoxdur.
Almaniyadan sığınacaq almaq üçün 2018-ci ildə 447 Çin vətəndaşı müraciət edib. 2019-cu ildə sığınacaq üçün müraciət edən Çin vətəndaşlarının hər 5 nəfərindən birinə müsbət cavab verilib. Digər diqqət çəkən məqam isə müraciət edən uyğurlarla bağlıdır. Almaniyadan sığınacaq almaq üçün müraciət edən 962 Çin vətəndaşından 196 nəfəri uyğur olub. Almaniya isə müraciət edən uyğurların 96 faizinə sığınacaq verib.
Almaniyanın Çin vətəndaşı olan uyğurların müraciətinə müsbət cavab verməsi isə bu ölkədə uyğurların təzyiqlərlə üzləşməsi, 1 milyondan çox uyğurun təlim-tərbiyə verilməsi adı altında düşərgələrdə saxlanılması barədə yayılan məlumatlarla bağlıdır.
Gununsesi.org