Almaniya prezidenti Frank-Valter Ştaynmayer Rusiya prezidenti Vladimir Putini yenidən prezident seçilməsi münasibətilə təbrik etməyəcəyini bildirib.
Gununsesi.info xəbər verir ki, bu barədə onun mətbuat katibi Berlinin “Tagesspiegel” qəzetinə şərhində bildirib.
Kerstin Qammelin nəşrə qeyd edib ki, Almaniya prezidentindən “Putinə məktub olmayacaq”.
Ştaynmayer özü bazar günü sosial media hesabında yazdığı mesajda Rusiyadakı demokratiya uğrunda savaşçılar haqqında düşündüyünü bildirib.
“Bu gün mən Rusiyada azadlıq və demokratiya uğrunda mübarizə aparan və Putin rejimi tərəfindən daim təhlükə altında yaşayan insanlar haqqında düşünürəm. Biz bu cəsur insanları unutmayacağıq”, – Ştaynmayer Rusiyada prezident seçkiləri günü yazıb.
Qeyd edək ki, 2018-ci ildə Rusiyada keçirilən əvvəlki prezident seçkilərində Ştaynmayer Putini təbrik etmişdi.
Almaniya Xarici İşlər Nazirliyi bundan əvvəl bəyan etmişdi ki, Rusiyada keçirilən seçkilər nə azad, nə də ədalətli keçirilir və onların nəticəsi heç kimi təəccübləndirmir.
Varşava həmçinin bildirib ki, Rusiyada keçirilən prezident “seçkiləri” qanuni, azad və ədalətli sayıla bilməz.
Səsvermənin ilk günü Avropa Şurasının prezidenti Putini qarşıdan gələn mübahisəsiz “qələbəsi” münasibətilə istehza ilə təbrik edib.
Gununsesi.info