Almaniya ölkədən sığınacaq istəyənlərin siyahısını dərc edib və ən çox sığınacaq müraciətinin Türkiyədən gəldiyini açıqlayıb.
Gununsesi.info xəbər verir ki, türklər Almaniyaya qeyri-qanuni yollarla girişdə suriyalıları və əfqanları geridə qoyublar.
Təkcə oktyabr ayında 9 min Türkiyə vətəndaşı Şərqi Avropa sərhədlərindən qeyri-qanuni yollarla Almaniyaya daxil olub və “sığınacaq istəyib”. Beləliklə, türklər müharibədən qaçan suriyalıları və əfqanları üstələyərək sığınacaqda birinci olublar. Bildirilib ki, saxlanılmadan ölkəyə daxil olan və qeydiyyatda olmayanların sayı dəqiq deyil.
Almaniyanın “Die Welt” qəzeti “Türklər birdən-birə birinci yerə yüksəldi” başlığını dərc edərkən, türklərin qeyri-qanuni yollarla daxil olduğu əyalətlərin idarələri hesabat hazırlayıb.
Məlumata görə, türklərin qaçmasının iki əsas səbəbi var. Birincisi, mart ayında keçirilən seçkilər, ikincisi isə ölkədəki yüksək inflyasiya və maliyyə çətinlikləridir.
Keçən il 40 mindən çox türkün sığınacaq tələb etdiyi bildirilsə də, bu il bu rəqəmin 90 mini keçərək 100 mini keçəcəyi təxmin edilir. Hazırda təxminən 50 min türkün Almaniyaya giriş üçün Şərqi Avropa yollarında olduğu təxmin edilir.
Bildirilir ki, Almaniya, Polşa, Çexiya, Avstriya və İsveçrə öz sərhədlərində yoxlamalara başlayanda insan tacirləri qaçaqları sərhədlərə yaxın ərazilərə buraxıblar. Qeyri-leqallar isə sərhədyanı ərazilərdə, əlavə yollarda və ya qatar relslərinin yanında meşələrdən keçərək Almaniyaya daxil olmağa çalışırlar.
Almaniya İmmiqrasiya və Sığınacaq Müşavirliyinin hələ rəsmi olaraq açıqlanmayan ilk məlumatlarına görə, bu il Şərqi Avropadan qeyri-qanuni yollarla gələnlərin sayı 300 minə çatıb.
Avropa Birliyi Türkiyəyə “müharibə və böhran olmayan ölkə” statusu verdiyi üçün Türkiyə vətəndaşlarının sığınacaq müraciətləri qəbul edilmir. Lakin sığınacaq qəbul olunmayan türklər birtəhər yollarını tapıb Almaniyada qalırlar. İndiyədək ağır cinayət törətmiş şəxslərdən başqa heç bir kütləvi repatriasiya olmayıb.
Gununsesi.info