Almaniya Ukraynaya görə Moskvaya xəbərdarlıq edir

  • By admin
  • 20 Dekabr 2021 13:03

Ukrayna ilə bağlı Rusiyaya xəbərdarlıqlar davam etməkdədir. Bu dəfə belə bir xəbərdarlıq Almaniyanın iqtisadiyyat naziri Robert Habekdən gəlib.

Nazir dekabrın 19-da Almaniyanın “Frankfurter Allgemeine” qəzetinə verdiyi müsahibəsində deyib ki, Rusiyadan Almaniyaya gedən “Şimal axını 2” təbii qaz kəməri Moskvanın Ukraynaya hücumu halında “ağır nəticələrlə” üzləşə bilər.

HTML tutorial

“Hər hansı yeni hərbi əməliyyat ağır nəticələrsiz qala bilməz”, – deyə Habek Ukrayna sərhədində Rusiya qoşunlarının yerləşdirilməsinə istinad edərək bildirib.

O deyib ki, Ukraynanın “ərazi bütövlüyünün yeni pozulması” baş verərsə, heç nə istisna oluna bilməz.

Habek həmçinin bildirib ki, Rusiyanın işğalı Berlini kəmərlə bağlı Rusiya ilə əməkdaşlığını yenidən nəzərdən keçirməyə vadar edə bilər.

Boru kəməri illərdir gecikmələr və Almaniyanın bəzi müttəfiqlərinin tənqidi ilə üzləşib.

Birləşmiş Ştatlar və Ukrayna “Şimal axını 2” qaz kəməri layihəsinə qarşı çıxır. Gətirilən arqument odur ki, bu kəmər Avropanı Rusiya qazından asılı hala salır. Həm də hesab edirlər ki, bu Ukraynanı tranzit rüsumlarından məhrum etməklə yanaşı həm də Avropanın enerji təhlükəsizliyinə bir təhdiddir.

ABŞ Senatı gələn ay “Şimal axını 2”-yə qarşı sanksiyaların tətbiqinə dair qanun layihəsinə səs verəcək.

Bu arada Almaniyanın yeni müdafiə naziri Kristina Lambrext Rusiyanın Ukraynaya geniş miqyaslı müdaxiləsi halında qüvvəyə minə biləcək yeni sanksiyalar paketinin Rusiya prezidenti Vladimir Putinin ətrafına qarşı sanksiyaları əhatə etməli olduğunu bildirib.

“Təcavüz üçün məsuliyyət daşıyanlar bunun nəticələrini özləri hiss etməlidirlər – məsələn, onlar daha Parisdəki Yelisey meydanına alış-veriş üçün gedə bilməyəcəklər”, – Lambrecht “Bild” qəzetinə müsahibəsində deyib.

Şəxsi sanksiyalara, bir qayda olaraq, Avropa İttifaqına girişin qadağan edilməsi və aktivlərin dondurulması daxildir.

Gununsesi.info