
Almaniyanın xarici işlər naziri Annalena Berbok (Annalena Baerbock) bu həftə Yerevana və Bakıya səfər edəcək.
Almaniya hökumətinin sözçüsü deyib ki, məqsəd Azərbaycanın Qarabağa nəzarəti bərpa etməsindən sonra tərəflər arasında sülh danışıqlarını dəstəkləməkdir.
Bakı sentyabrın 19-20-də birgünlük əməliyyatla bu dağlıq regiona nəzarətini bərpa edib. Separatçı rejimin liderləri saxlanılaraq Bakıya gətirilib. 100 min 600 erməninin Qarabağdan Ermənistana köç etdiyi bildirilir.
Berbok noyabrın 3-də Yerevanda ermənistanlı həmkarı Ararat Mirzoyan ilə görüşəcək. Onun səfərinə Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasına və Qarabağdan qaçqınların qaldığı düşərgələrə baş çəkmək də daxildir. Məlumatı Almaniya XİN sözçüsü Sebastyan Fişer (Sebastian Fischer) verib.
Berbok Yerevandan Bakıya gələcək, noyabrın 4-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə görüşəcək.
Gununsesi.info