Almaniya XİN rəhbəri: “Bu, Azərbaycan və Ermənistanı bizimlə yaxınlaşdıra bilər”

Avropa İnvestisiya Bankı Qara dəniz üzərindən ümumi dəyəri 45 milyon avro olan internet kabelinin təxminən yarısını öz üzərinə götürməyə hazırdır.

Gununsesi.info xəbər verir ki, bunu Almaniyanın XİN rəhbəri Annalena Berbok Cənubi Qafqaza səfərindən əvvəl deyib.

“Avropa İttifaqının “Global Gateway” proqramı çərçivəsində Qara dəniz vasitəsilə planlaşdırılan sualtı internet kabeli Ermənistan və Azərbaycanı bir-birinə, eləcə də bizimlə yaxınlaşdıra bilər. Avropa İnvestisiya Bankı ümumi xərclərin demək olar ki, yarısını öz üzərinə götürməyə hazırdır”, – deyə Berbok bildirib.

Qeyd edək ki, bu gün Almaniya XİN rəhbəri Ermənistana səfər edəcək və orada erməni həmkarı Ararat Mirzoyanla görüşməyi planlaşdırır.

Berbok şənbə günü Azərbaycana səfər edəcək.

Daha əvvəl “Financial Times” xəbər verib ki, qiyməti 45 milyon avro olan və uzunluğu 1,1 min km olan yeni internet kabeli “Qafqazın Rusiya ərazisindən keçən yerüstü fiber-optik rabitədən asılılığını” azaltmalıdır. Bundan əlavə, “Global Gateway” proqramı çərçivəsində Aİ Qara dəniz üzərindən Gürcüstan və Azərbaycanı Rumıniya və Macarıstanla birləşdirəcək elektrik kabeli çəkmək niyyətindədir.

Gununsesi.info