Almaniyanın xarici işlər naziri Annalena Berbok Avropa İttifaqı (Aİ) xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısında iştirak etmək üçün Kiyevə səfəri zamanı bildirib ki, Avropa İttifaqı tezliklə Lissabondan Luqanska qədər genişlənəcək.
Gununsesi.info xəbər verir ki, o, bunu jurnalistlərə açıqlamasında deyib.
“Ukraynanın gələcəyi Avropa İttifaqında, bizim azadlıq icmasındadır və tezliklə o, Lissabondan Luqanska qədər genişlənəcək. Ukraynanın azad etdiyi hər bir kəndlə, hər metrlə, öz xalqını xilas etdiyi hər metrlə, onun Aİ-yə gedən yolu da genişlənir”, – nazir qeyd edib.
Berbok əmin edib ki, avropalı dostlar və tərəfdaşlar bu yolda Ukraynanı dəstəkləyəcəklər. Bununla bağlı o, Ukraynanın Rusiyanın dəhşətli təcavüzü fonunda təsirli islahatlar aparmağa qadir olduğunu da vurğulayıb.
“Bunlar ədliyyə sahəsində, media sahəsində qanunvericiliyin dəyişdirilməsi kimi şeylərdir, eyni zamanda korrupsiyaya qarşı mübarizə ilə bağlıdır və biz Ukraynadakı tərəfdaşlarımızla bu barədə açıq danışırıq ki, birlikdə bu yolu genişləndirə bilərik”, – deyə o qeyd edib.
Almaniya Xarici İşlər Nazirliyinin rəhbəri bu ilin payızında ikinci dəfə Ukraynaya gəlib.
Xatırladaq ki, baş nazirin Avropa və Avro-Atlantika inteqrasiyası üzrə müavini Olqa Stefanişina bildirib ki, Aİ-də Ukrayna ilə Avropa İttifaqı arasında üzvlük danışıqlarının başlanması ilə bağlı ümumi konsensus var, lakin yekun qərardan əvvəl bu qurumla iş aparılacaq.
Ukrayna prezidenti Vladimir Zelenski Aİ-nin yeni səfiri Katarina Maternova ilə söhbətində bir ay ərzində Avropa Komissiyasının 7 meyarı üzrə işi başa çatdıracağına söz verib.
Səid Əhmədli
Gununsesi.info