
Almaniyada ikili vətəndaşlığı mümkün edən qanun layihəsi parlamentdə qəbul edilib.
Gununsesi.info xəbər verir ki, qanun çərçivəsində Almaniya vətəndaşlığına keçid asanlaşacaq və ikili vətəndaşlığın qarşısındakı maneə aradan qaldırılacaq.
Olaf Şoltsun rəhbərlik etdiyi mərkəz sol koalisiya hökumətinin parlamentə təqdim etdiyi qanun layihəsi 234 əleyhinə 382 səslə qəbul edilib, 23 deputat isə bitərəf qalıb.
Hökumət iddia edir ki, bu addım immiqrantların inteqrasiyasını asanlaşdıracaq və ölkəyə ixtisaslı işçilərin cəlb edilməsinə töhfə verəcək.
Bununla belə, müxalifətin əsas sağ mərkəzçi bloku qanunun Almaniya vətəndaşlığını “ucuzlaşdıracağını” iddia edərək, təşəbbüsü sərt şəkildə tənqid edib.
“Vətəndaşlıq Qanununun Müasirləşdirilməsi” adlı qanun çərçivəsində Almaniya vətəndaşlığını almaq üçün tələb olunan qanuni yaşayış müddəti 8 ildən 5 ilə endirilir.
Bundan əlavə, vətəndaşlığa keçmək istəyən şəxsin “xüsusi inteqrasiya uğurları” olduğu halda bu müddət 3 ilə endirilir.
Vətəndaşlıq alanlar əvvəllər sahib olduqları vətəndaşlıqdan imtina etmək məcburiyyətində qalmayacaqlar və beləliklə, birdən çox vətəndaşlığa sahib olmaq imkanı təmin ediləcək.
Əlavə olaraq, Almaniyada doğulan uşaqlar, əgər valideynlərindən biri Almaniyada beş il qanuni rezidentdirsə, avtomatik olaraq vətəndaşlıq alacaqlar.
Əvvəllər qüvvədə olan və gəncləri 23 yaşına kimi valideynlərinin vətəndaşlığı və ya Almaniya vətəndaşlığı arasında seçim etməyə məcbur edən “seçim modeli” indi ikili vətəndaşlıq imkanına icazə verildiyi üçün ləğv ediləcək.
Hökumət əhalinin 14 faizinin (84,4 milyonluq əhalinin 12 milyonunun) vətəndaşlığının olmadığını və onlardan 5,3 milyonunun Almaniyada ən azı on il yaşadığını bildirir.
Gununsesi.info