Almaniyada türk dönəri gündəm oldu: Kansler sosial mediada paylaşdı

  • By admin
  • 13 Mart 2024 09:11

Almaniyada inflyasiya azalır, lakin dönər qiymətləri hələ də yüksəkdir və artmaqdadır. Dönərin qiyməti şəhərdən şəhərə dəyişsə də, orta hesabla 7 avro civarındadır. Almanların ən çox bəyəndiyi yeməyinə çevrilən dönərin qiymətləri indi az qala ölkədəki inflyasiya aynasına çevrilib.

Gununsesi.info xəbər verir ki, sosial media hesabında sualları cavablandıran Almaniya kansleri Şolts xüsusilə gənclərdən dönər qiymətləri ilə bağlı suallar aldığını bildirib. Bir gəncin ondan “Cənab Şolts, dönərin qiyməti nə zaman 3 avro olacaq?” sualını verdiyini ifadə edən Şolz bu cavabı verib:

“Xüsusən də son vaxtlar gənclərdən dönərin qiymətinin yuxarı həddi ilə bağlı tələblər var. Biz azad bazar iqtisadiyyatında yaşayırıq və qiymətlər tələb-təklifə uyğun müəyyən edilir. Dönər istehsalçılarının da müxtəlif xərcləri, ödənişləri var. Ona görə də dönər kababına yuxarı qiymət həddi gətirə bilmərik. Ancaq son vaxtlar inflyasiya ciddi şəkildə aşağı düşüb və bundan sonra da düşəcək”.

Almaniyada inflyasiya 2,5 faiz civarında azalıb, ərzaq qiymətlərindəki artım isə əvvəlki ayla müqayisədə 0,9 faiz olub. Dönərin qiymətində artım bir qədər səngiyib, hətta dayanıb. Amma dönər qiymətləri hələ də çox yüksəkdir. Dönərin qiyməti  7 ilə 9 avro arasında dəyişir.

Bu səbəbdən Şoltsun ​​cavabı gəncləri sevindirməyib və bir gənc baş nazir Şoltsa “Keçmiş kansler Merkel dönər qiymətlərini nəzarət altında saxlaya bildi” deyə cavab yazıb.

 

Gununsesi.info