Almaniyada yaşayan hüquq müdafiəçisinin cinayət işi xitam olundu -ƏLÖVSƏT ƏLİYEVƏ TƏZMİNAT VERİLƏCƏK

  • By admin
  • 19 Yanvar 2023 00:06

19 noyabr 2019-cu ildə Almaniyanın hüquq-mühafizə orqanları tərəfindən insanları qanunsuz daşıma faktına görə şübhəli şəxs kimi saxlanılan sornadan sərbəst buraxılan azərbaycanlı siyasi mühacir, insan hüquqları fəalı Əlövsət Əliyev haqqında cinayət işi xitam olunub.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə onun özü açıqlama yayıb.

Həmin açıqlamanı olduğu kimi dərc edirik:

“Saxlanılandan sonra 19 fevral 2020-ci ildə isə barəmdə olan həbs qətimkan tədbiri dəyişdirilmişdi və həbsdən azad edilmişdim. Barəmdə olan cinayət işi isə araşdırılırdı. 2019-ci ildə 6 ay ərzində telefon danışıqlarım dinlənilmişdi. Həbs olunan zaman üstümdə olan və götürülən bir ədəd mobil telefon, ofisdə və evdə aparılan axtarışlar zamanı 4 ədəd mobil telefon, 3 ədəd laptop, 2 ədəd kompüter, eləcə də bütün sənədlər və qeyd dəftərləri götürülmüşdü.

 

Telefon danışıqlarım, email və Whatsapp yazışmalarım da daxil bütün sənədlərin yoxlanılması və bəzi şəxslərin ifadələrinin alınması 2023-cü ilin yanvar ayına kimi davam edib. 2017-ci ilin yanvar ayından sonrakı bütün fəaliyyətim araşdırıldı və fəaliyyətimdə hansısa hüquq pozuntusunun olması müəyyən edilmədi. 2 yanvar 2023-cü ildə isə barəmdə olan cinayət işinə xitam verilməsi haqqında Düsseldorf prokurorluğunun qəbul etdiyi qərar vəkilimə göndərilib və saxlandığım hər gün üçün təzminat ödəniləcəyi bildirilib.

 

İstintaq zaman müəyyən etdim ki, barəmdə eyni məzmunlu anonim şikayətlərlə yanaşı, rəsmi şikayət edən və əleyhimə ifadə verən də olub. Əleyhimə ifadə verən şəxs verdiyi ifadəyə uyğun Meydan TV-yə müsahibə də verib. Meydan TV isə Almaniyada 3 dəfə məhkum olunmuş birinin ünvanıma dediyi “Əlövsət ölüyə də, diriyədə saxta sənəd satır” ifadəsini çəkinmədən paylaşmışdı.

 

Təbii ki, bu müddətdə itirdiklərim az olmadı…

Ən çox itirdiyim isə insanlara, xüsusən yalanın qurbanına çevrilən KİV təmsilçilərinə olan güvənim oldu.

Məni tanıyanlar, xüsusilə ailəm və yaxınlarım ilk gündən bunun şər və böhtan olduğuna özüm qədər əmin idilər.

Yalan olduğunu bilərək şərəf və ləyaqətimi ləkələyən və məni nüfuzdan salan məlumatları paylaşanlar, əleyhimə KİV-lərə müsahibələr verməklə cəmiyyətdə məni gözdən və nüfuzdan salmağa çalışanlar şübhəsiz ki, qanun çərçivəsində cavab verməli olacaqlar”.

Mətləb Yaqublu

Gununsesi.info