Almaniyadan Azərbaycana 14 nəfər qaytarılıb

  • By admin
  • 30 Avqust 2023 20:28

Avqustun 29-da Almaniyadan Azərbaycana 14 nəfər qaytarılıb. Bu barədə Dövlət Miqrasiya Xidməti məlumat yayıb.

Məlumata görə, bu, “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində gerçəkləşib.

“Geri qəbul prosesi Nazirlər Kabineti yanında Operativ Qərargahın (koronovirusla bağlı) müəyyən etdiyi qaydalar çərçivəsində həyata keçirilib”, – məlumatda bildirilir. Bu, onların bir müddətlik karantinə alındıqları deməkdir.

Readmissiya – saziş üzrə razılığa gələn dövlətlərdən birinin ərazisinə qeyri-qanuni daxil olan şəxslərin geri qaytarılmasını nəzərdə tutulur.

Avropa İttifaqı ilə readmissiya ilə bağlı saziş imzalanan 2014-cü ildən indiyə kimi ümumilikdə 2.5 min civarında şəxsin Azərbaycana qaytarıldığı bildirilir. Gələnlər daha çox Almaniyadan qaytarılanlardır. Azərbaycanda belə iddialar var ki, son illər ölkəyə readmissiya edilən şəxslərdən bəziləri əvvəlki siyasi fəaliyyətlərinə görə şərlənərək həbs edilir. Amma rəsmilər belə iddialarla razılaşmırlar.

Gununsesi.info