Almaniyadan Azərbaycana gələn siyasi mühacir həbs edilib

  • By admin
  • 15 Avqust 2022 19:48

 

Almaniyadan gələn daha bir siyasi mühacir – Anar Əliyev Azərbaycanda külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı ilə həbs olunub.

Gununsesi.info -nun xəbərinə görə, bu barədə onun həyat yoldaşı Anarə Əliyeva bildirib.

Onun sözlərinə görə, Anar iyulun 25-də Bakıda saxlanılıb: “Biz ailəlikcə – həyat yoldaşım və iki övladımla Anarın xəstə atasını ziyarət etmək üçün iyulun 8-də Azərbaycana gəldik. Avqustun 4-də oturum icazəmiz olan Almaniyaya qayıtmalı idik.  İyulun 25-də səhər həyat yoldaşımı evdən guya pasportunun saxtalaşdırılması haqqında məlumatı yoxlamaq üçün aparıblar.   Sonradan deyiblər ki, Anarı facebook-dakı postlarına görə aparıblar, sonra isə cibində narkotik tapıldığını bildiriblər. Həyat yoldaşım heç vaxt narkotik istifadə etməyib. Amma, heç narkotik istifadə edən adam cibinə onu qoyub polis bölməsinə getməz”.

Onun sözlərinə görə, o, dəfələrlə polis bölməsinə çağırılıb və ondan həyat yoldaşının narkotik istifadəçisi olduğu haqqında ifadə almağa çalışıblar:  “Sonradan Anar deyib ki, təzyiq altında etirafedici ifadələr verib. Ona etiraf etməsə, ailə üzvləri ilə “problemlər” olacağını deyiblər, o da “etiraf etmək” məcburiyyətində qalıb“.

Anarə Vəliyeva Azərbaycandan Almaniyaya buraxılmayıb. Qadının sözlərinə görə, elə həmin gün onu Nizami Rayon Polis İdarəsinə çağırıblar və niyə “ölkədən qaçmaq” istədiyini soruşublar.

“Dedim ki, ölkədən qaçmırdım, əvvəlcədən aldığım biletlə yaşadığım, oturumum olan,  işlədiyim ölkəyə gedirdim.  Biz 2016-cı ildə Almaniyaya köçmüşük. Yoldaşım bir müddət orada siyasi fəaliyyətlə məşğul olub, “Demokratik Azərbaycanı Seç” birliyinin təşkil etdiyi etiraz aksiyalarında iştirak edib, amma təhqirə yol verməyib. Son üç ilə yaxındır ki, heç bir siyasi fəaliyyəti olmayıb. Bununla belə, o, hakimiyyətin “qara siyahı”sına düşərək həbs edilib”.

DİN-in mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev  isə bildirib ki, Anar Əliyev konkret cinayət əməlini törətməkdə şübhəli bilinərək məsuliyyətə cəlb olunub: “Hazırda da  istintaq davam edir”.

O, məhbusun həyat yoldaşının iddialarının həqiqətə uyğun olmadığını bildirib.

 

Gülnar Məmmədli

Gununsesi.info