Almeydanın gedişi ilə bağlı gizlinlər – 700.000 dollar “pul oxudu” və…

  • By admin
  • 25 Dekabr 2019 17:56

“Almeyda “Qarabağ”dan getdi. Deyilənə görə, Riçi klubdan illik 700.000 dollar maaş istəyib. Yəqin ki, tələbini “Beqoviçə verməyə pulunuz varsa, mənə də verin” kimi arqument ilə əsaslandırdı”.

Gununsesi.org xəbər verir ki, bu sözləri FİFA meneceri Erkin İbrahimov sosial şəbəkə hesabında yazıb. O, bildirib ki, Almeydanın komandadan ayrılması əslində “Qarabağ”ın xeyrinədir:

“Qarabağ” rəhbərliyində ən bəyəndiyim cəhəd odur ki, futbolçulara auksion açmağa imkan vermirlər. Vaxtı ilə pikdə olan Rauf Əliyev, Əfran İsmayılov ilə də bu cür davrandılar. Sonu hamıya bəllidir – pul dalınca “Bakı”ya qaçan Rauf ilə Əfranın aqibəti da göz qabağındadır, “Qarabağ” klubunun da.

Açığı, Almeyda Qazaxıstandan qayıdandan sonra əvvəlki futbolunu oynamırdı. Ən böyük üstünlüyü yerli statusa malik olması idi, vəssalam. Düzdür, Almeyda uzun illər komandanın düşünən beyni idi. Amma axır ki, Qurban Qurbanov da anlayıb – bu illər ərzində bu beyin ilə play-offa düşmək olmadısa, bundan sonra da mümkün deyil.

APOEL ilə oyunlar göstərdi ki, Qurbanov “Qarabağ”ı dəyişdirməlidi. Bildiyimə görə, Qurbanovun iki sevimli məşqçisi var – Qvardiola və Klopp. Uzun illər Pepin stilini aşılamağa çalışan Qurbanov da yəqin ki, bundan sonra orta xəttdə İnyesta tipli futbolçuları deyil, Henderson kimi ifaçıları cəlb edəcək. Almeyda, Xayme, elə Dani Kintanının özü… Bu tipajlı futbolçularla maksimum AL-in qrupuna düşmək olar. APOEL “Qarabağ”ı Matiç, Mihayloviç kimi əzmkar, fiziki cəhətdən hazır olan futbolçular sahəsində keçdi.

Almeydaya gəlincə, o da yəqin ki, artıq özü üçün variant tapıb deyə “Qarabağ”a “pul oxudu”. Yox, bank getdisə, vay halına. Bir də gördün qışdan sonra Qerryenin yolu ilə getdi…”

Xatırladaq ki, hazırda Brazilyada istirahətdə olan Almeyda Bakıya ancaq müqavilə imzalamaq üçün qayıda bilər. Əks halda futbolçu ölkəmizə dönməyəcək.

Gununsesi.org